"Müəllimə 50 manatdan artıq hədiyyə və ya pul verilərsə, direktora məlumat verməlidir" - Ekspert

 15:20 13.06.2023     2250

Xəbər verdiyimiz kimi, Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları cəzalandırılıb.  

Abşeron-Xızı Regional Təhsil İdarəsinin yaydığı məlumatda bildirilir ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın və  Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cəlalə Abdullayevanın iştirakı ilə tədbir keçirilib. Tədbirlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyənin təqdim olunması əks edilib. Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub və müəllimlərlə də söhbət aparılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə müəllimlərin deyil də, direktorların cəzalandırılması müzakirələrə səbəb olub. Bəziləri bunun düzgün olduğunu vurğulasa da, bəziləri isə "niyə məhz qiymətli əşyaları alan müəllimlər yox, direktorlar cəzalandırılır" deyə sorğulayırlar.

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, mövcud qanunvericiliyin tələblərinə görə, orta məktəblərdə tədris, təlim prosesləri, şagirdlərin, müəllimlərin davranışına nəzarət məhz məktəb direktoru tərəfindən həyata keçirilir.

“Təhsil işçilərinin müvafiq sənədlərinə əsasən, yeni vahid sorğu, ştat cədvəlinə əsasən məktəb direktorlarının vəzifə öhdəlikləri var. Belə deyək, bu öhdəliklərə müəllimlərin iştirakı ilə həyata keçirilən tədbirlərə nəzarət belə daxildir. 2014-cü ildə müəllimlərin etik davranış qaydaları qəbul edilib. Bu qaydalara görə, müəllimlər bu və ya digər hərəkətlərə yol verərsə, bu zaman bunun məsuliyyəti var. Məktəb direktoru məktəbə rəhbərlik etmir. Buna görə də o, bütün məsələlərdə cavabdeh şəxsdir”.

Ekspert vurğuladı ki, bu tipli tədbirlərin keçirilməsi və ssenarilərin müəyyənləşməsi ilə bağlı bütün məsələlər məhz məktəb direktoru tərəfindən razılaşdırılır.

“Bir də qeyd edim ki, korrupsiya haqqında qanunun tələblərinə əsasən, valideynlər və yaxud da digər şəxslər tərəfindən hər hansı bir il ərzində müəllimlərə 50 manatdan artıq hədiyyə və yaxud da ki, pul verilərsə, müəllim bunu qəbul etməmişdən əvvəl məktəb direktoruna məlumat verməlidir. Direktor da ölçü götürməlidir. Yəni müəllim qərar verməklə bağlı direktora müraciət etməlidir. Buna görə direktor cəzalandırılıb ki, direktorlar bu prosedur qaydalarını yerinə yetirməyiblər. Mövcud vəziyyətin qısa müddət ərzində aradan qaldırılması istiqamətində heç bir addım atmayıblar. Yəni qaydalar bunu tələb edir və məhz cəzalandırma bu istiqamətdə həyata keçirilib”-deyə Kamran Əsədov yekunlaşdırdı.

Arzu İSMAYIL