Rus bölməsi üzrə birinci sinfə qəbul niyə müsahibə ilə aparılır?

 18:07 13.06.2023     1715

Bu günlərdə təhsil sistemindəki aktual məsələlərdən biri də rus bölmələri üzrə 1-ci sinifə müsahibələrin, yəni qəbul imtahanlarının keçirilməsi ilə bağlıdır. Valideynlər arasında narazılıqlar var ki, uşaqlar müsahibəni keçə bilmir, kəsilir və sair.

Ümumiyyətlə, birinci sinfə qəbulun imtahanla aparılması nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda Azərbaycanın 4432 orta təhsil məktəbinin 340-da rus bölməsi var və burada 90 min şagird var, eyni zamanda 850 minə yaxın şagirdə rus dili xarici dil olaraq öyrədilir.

“Problem ondan ibarətdir ki, bəzən evdə heç bir rus dilində danışmayan, ailə üzvlərində rus dilindən anlayışı olmayan şəxslər övladlarının rus bölməsində oxumağını istəyirlər və yekun nəticədə rus dilində hər hansı bir biliyə malik olanlarla olmayanlar eyni sinifdə oxuyur. Ona görə də Elm və Təhsil Nazirliyi minimum rus dilində danışmaq, anlama, dinləmə, özünü ifadə etmək bacarıqlarını yoxlayır. Burada çətin və qanuna zidd heç nə yoxdur, çünki onlar rus bölməsindədirlər, ən azından tədrisin keyfiyyəti üçün bu həyata keçirilməlidir. 2019-cu ilə qədər imtahansız idi. Bəzən evdə ümumiyyətlə rus dilində bilməyən uşaqlar gəlirdilər və bir sinifdə 30 nəfər uşaq olurdu, 15-i əla bilirdi, digərləri isə, ümumiyyətlə heç hərfi də tanımırdılar. İlk nəticədə bu, tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərir. Məhz bu amillər imtahanları zəruri edir ki, ən azından özünü ifadə edə bilən, danışa, yaza bilən, anlayışı olan uşaqlar rus bölməsində təhsillərini davam etdirsin. Digərləri təbii ki, Azərbaycan bölməsində oxuya bilərlər”- deyə ekspert bildirdi.

Arzu İSMAYIL