Bu sahələr üzrə ali təhsildə dövlət sifarişinin artırılması təklif olunur
Dördüncü sənaye inqilabının zərurətə çevrilən çağırışlarını nəzərə alaraq, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişinin formalaşdırılması zamanı son 3 ildə əsas diqqət texniki, texnoloji və təbiət ixtisaslarının artırılmasına verilib.
Redaktor.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.
"Ali təhsilin əlçatanlılığının və əhatəliliyinin artırılması, xüsusilə əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması məqsədilə dövlət hesabına təhsil alan tələbələrin sayı artırılıb. Əgər 2018-ci ildə dövlət sifarişinin ümumi qəbul planında xüsusi çəkisi 27 % təşkil edirdisə, hazırda bu rəqəm 50 %-ə qədər təşkil edir", - S. Məmmədov bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti sahə nazirlikləri və digər təşkilatlardan daxil olan təkliflər əsasında müəyyənləşdirilir.