Şəhidin adını daşıyan məktəbdə bayrağımıza hörmətsizlik

 14:07 17.06.2023     1772

""Son zəng" münasibəti ilə bibimin yoldaşı ilə atam əmimin adını daşıyan, eyni zamanda təhsil aldığımız orta məktəbi ziyarət edib, əmimin büstünə qərənfillər qoyublar. Görünən mənzərə isə heç ürək açıcı deyil. Sağ tərəfdə şəhid Bəhruz Sultanovun büstü, solda isə iki bayraq dalğalanır. Amma bayraq günün altında solub, rəngi gedib, dirəyə dolaşıb, bayraqdan başqa hər şeyə oxşayır... Yaxınlaşdırıb baxdıqda bayrağın rənginin solduğunu daha aydın görmək olar".

Redaktor.az xəbər verir ki, bunu şəhid Bəhruz Sultanovun qardaşı qızı Nərmin Sultanova öz "Facebook" səhifəsində paylaşıb.

Onun sözlərinə görə, bayraqlar və şəhid əmisinin büstü toz içində olub.

"Əvvəllər, Rəhman müəllimin direktor olduğu dövrdə belə hadisələr qətiyyən baş verməzdi. İndi direktor kimdirsə, yəqin ki başı çox qarışıqdır. Bayraq, vətən, millət uğruna Qarabağda şəhid olan əmimə hörmətiniz yoxdusa, heç olmasa üçrəngli bayrağa hörmətiniz olsun. Mənim atam 21 yaşında bu torpaq, vətən və millət uğrunda 20 yaşlı qardaşını torpağa qoyub, onun könlünü xoş etmək bu qədər çətin olmamalı idi".

Məsələ ilə bağlı Bəhruz Sultanov adına 34 nömrəli məktəbin direktoru Nəcibə Axundova ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, anlaşılmamazlıq olub:

"Bizim bütün Qarabağ Şəhidlərinə böyük hörmətimiz var. Bu mövzu mənə çox həssasdır. Çünki özüm Şəhid xanımıyam. Göründüyü kimi, bayraqlar köhnə deyil. Sadəcə bir az rəngi solub. Yenə də dəyişdik".

Direktor onu da qeyd etdi ki, "Son Zəng"ə ən mötəbər qonaq olaraq Vətən Müharibəsi Qəhrəmanı çağırıblar:

"Şəhid B.Sultanovun ailəsini də dəvət etmək istəyirdik, sadəcə əlaqə yarada bilmədik".

Şəhidin qardaşı qızı direktorun sözlərini təkzib edərək vurğuladı ki, telefon nömrəsini o məktəbdə çox adam bilir:

"Mənim nömrəmi o məktəbin hamısı bilir. 15 ildi eyni nömrəni istifadə edirəm".

Xatırladaq ki, bir müddət əvvəl N.Axundovanın 45 saylı məktəbin direktoru işlədiyi dövrdə rüşvət istəməsi ilə bağlı səs yazısı yayıldı. Bakı Şəhər Təhsil İdarəsi ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verdi. Lakin sonradan onun başqa məktəbə direktor təyin edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı.

Həmidə İBRAHİMLİ

Bir anıt görseli olabilir

Bir anıt ve yazı görseli olabilir

22