"Bütün dünyada qəbul imtahanları yox dərəcəsindədir, bizdə isə daha da qəlizləşdirməyə çalışırlar"

 11:45 17.06.2023     973

“İmtahan sistemizin təkmilləşməsinə ehtiyac var. Bugünkü və 30 il davam edən təhsil sistemi bizə istədiyim nəticəni vermədi”.

Bu sözləri keçmiş təhsil naziri Misir Mərdanov mətbuata müsahibəsində bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylinin fikrincə, imtahan sisteminin təkmilləşdirilməsinə mütəmadi olaraq ehtiyac var, çünki dövr, texnika, əmək bazarının tələbləri daim dəyişir.

“Lakin deyə bilmərik ki, 30 il davam edən imtahan sistemi istədiyimiz nəticəni verməyib. Əksinə, 30 ildən öncə imtahan nəticələri və qəbul planı daha çox tanışlıq və maddi maraq hesabına təmin olunurdu. 1992-ci ildə Vurğun Əyyubun ölkəyə gətirdiyi test sistemindən sonra ən ucqar kəndlərdəki ailələrin övladları da tələbə adını qazanmaq şansı əldə etdi, təhsil ölkənin imkanlı təbəqəsi ilə yanaşı ən kasıb təbəqəsi üçün də əlçatan oldu. Təhsil sistemində yaranan problemlər isə imtahanın nəticələrindən deyil, təhsil sektorların fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsindən asılıdır".

Ekspert qeyd etdi ki, təhsilin keyfiyyətini artırmaq üçün tədrisi bilən və inkişafa proqnoz verə bilən peşəkarların işə cəlb olunması, sistemli və mütəşəkkil iş aparması vacibdir.

“Bizdə əsas problemlərdən biri də odur ki, əksər kadrlar daşıdığı vəzifənin keyfiyyət üçün çalışmır, öz eqosunu təmin etmək üçün çalışır. Əksəriyyət "mən-mən" deyib kimisə qaralamağa çalışır, buna görə də inkişaf getmir. Uzun illərdir Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi arasındakı sağlam olmayan rəqabət və çəkişmənin əziyyətini təhsil sistemi çəkib. Bu gün müasir dünyada təhsilə yönələn qapılar açıqdır. Bütün dünyada qəbul imtahanları yox dərəcəsindədir, ya da çox sadələşdirilmiş şəkildədir. Bizdə isə daha da qəlizləşdirməyə çalışırlar. Niyə? İnsanları təhsildən iyrəndirmək, uzaqlaşdırmaq üçün? Faydalı tələbələri xarici universitetlərə qazandırmaq üçün? Bəli, imtahanları təkmilləşdirmək lazımdır, lakin qəlizləşdirmək yox, sadələşdirmək, təhsilin əlçatanlığını təmin etmək lazımdır”,- deyə Vüsalə Ağabəyli vurğuladı.

Arzu İSMAYIL