"Azərbaycanda tibb təhsili inkişaf edir" - Nazir

 13:52 17.06.2023     270

"Son dövrlərdə Azərbaycanda tibb təhsilin inkişafı müşahidə olunur. Tibb təhsilinin əlçatan olmasını istəyirik, yəni bilik və bacarığı olan şəxsin maliyyə səbəbindən bu sahənin təhsilindən kənarda qalmasını istəmirik".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hər il dövlət sifarişləri yerlərin sayı hesablanarkən üstünlük tibb sahəsinə verilir: "Yəni yerlərin təxminən 91 %-i tibb sahəsi üzrə ayrılır. Bu da o demək ki, tibb sahəsi üzrə təhsil almaq istəyən 100 nəfərdən 91-nin təhsil xərci dövlət tərəfindən qarşılanır".

O qeyd edib ki, Azərbaycanda tibb təhsilinin əhatəliliyinin artırılması istiqamətində də vacib addımlar atılır: "Universitetlərdə tibb fakültələrin olması təbabət elminə öz töhfəsini verir. Arzu etsəm də həkim ola bilməmişəm. Etiraf edək ki, bugünkü dünya universitetlərin reytinq siyahısında yer alması daha tibb sahəsində olan tədqiqatlardan asılıdır".