ADU-nun Amerikada Ulu öndərə həsr olunmuş tədbiri keçirildi

 11:43 19.06.2023     624

Azərbaycan Dillər Universiteti Ulu öndər Heydər Əliyevin 100 illik yubileyilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər keçirir. Bu tədbirlərdən biri də iyunun 16-da ABŞ-ın İndiana Universitetində keçirilib.

Redaktor.az xəbər verir ki, ABŞ-ın İndiana Universitetində İç Asiya və Ural Milli Resurs Mərkəzinin və Mərkəzi Asiya Araşdırmaları Departamentinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda təhsil” mövzusunda dəyirmi masa keçirilib. Mövzu üzrə çıxış etmək üçün tədbirə dəvət olunmuş Azərbaycan Dillər Universitetinin dosenti Fialə Abdullayeva yaradılmış şərait üçün təşəkkür edərək diqqəti ölkəmizdə 21-ci əsrin ikinci onilliyindən başlayaraq hər ilin həmin dövr üçün ən əlamətdar hadisəyə uyğun olaraq adlandırılması ənənəsinə, məhz 2023-cü ilin ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyilə əlaqədar “Heydər Əliyev İli” elan edilməsinə və bu münasibətlə Ulu öndərin fəaliyyəti ilə bağlı keçirilən tədbirlərin önəminə cəlb edib. Dosent F.Abdullayeva şahidi olduğu və səhih mənbələrdən topladığı faktlar əsasında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə (1969-1982 və 1993-2003)  təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən, o cümlədən çoxlu sayda orta məktəblərin, texniki peşə məktəblərinin açılması, yeni ali təhsil müəssisələrinin və hərbi kadrlar üçün məktəblərin yaradılması, on bir illik icbari orta təhsilə keçilməsi, elmlə təhsilin inteqrasiyasının diqqət mərkəzində saxlanılması, təhsilin dünyəvi xarakterinin təmin olunması və digər təhsil məsələləri ilə bağlı mühüm qərar və sərəncamların verilməsindən bəhs edib. Təhsil sahəsində H.Əliyev dövrünün ən əlamətdar cəhətlərindən biri kimi, Azərbaycan hüdudlarından kənarda respublika üçün gərəkli ixtisaslar üzrə təhsil almaq məqsədilə keçmiş SSRİ-nin aparıcı ali təhsil ocaqlarına göndərilən abituriyentlərin sayının məhz ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 1970-ci-1980-ci illər arasında hər il artaraq 49-60 nəfərdən sonda 1000, hətta 1400 nəfərə çatdırılması və həmin dövrdə Vətəndən kənarda təhsil almış, ümummilli liderin öz sözləri ilə ifadə etsək, “ölkənin milli sərvəti” sayılan bu Azərbaycan vətəndaşlarının ümumilikdə15000 nəfər təşkil etməsi, eləcə də sözü gedən kadrların bir çoxunun indi mühüm vəzifələrdə çalışması da dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb. F.Abdullayeva fəaliyyət göstərdiyi ali təhsil ocağında həmin dəyərli kadrlardan bir neçəsi ilə çiyin-çiyinə çalışdığını da qeyd edib.

Sovet rejimi illərində rus dilinin həyatımızın bütün sahələrinə sirayət etməsinə baxmayaraq, H.Əliyevin həmin dövr Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasındakı rolu, dilimiz və onun qorunması haqqında imzaladığı qanun, 1 avqust tarixini Azərbaycan dili və əlifbası günü kimi bəyan etməsi, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyasının tədrisinin təkmilləşdirilməsinə və müvafiq dərsliklərin yenilənməsinə göstərdiyi qayğı və bu istiqamətdə irəli sürdüyü təşəbbüslər və fəaliyyət haqqında tədbir iştirakçıları dəqiq məlumatlandırılıb. Dosent F.Abdullayeva eyni zamanda öz dilmanclıq fəaliyyəti zamanı 1994-cü ildə Azərbaycan Prezidentinin xarici qonaqlarla görüşünü tərcümə edərkən öncədən ümummilli liderin tərcümə prosesində hansı işçi dillərdən istifadə ediləcəyilə maraqlanması və rus dilini çox rəvan bilməsinə rəğmən, görüşün azərbaycancaya tərcümə ediləcəyinə məmnunluq bildirməsini də yada salıb.

Dəyirmi masada Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə ölkədə digər sahələrdə baş vermiş önəmli hadisələrin nəticələrindən təhsilin inkişafı üçün istifadəyə aid bir sıra faktlara da istinad olunub və onun təhsili xalqın gələcəyi kimi gördüyü xüsusi vurğulanıb. 

Fialə Abdullayeva Ulu öndərin fəaliyyəti dövründə təhsil işçilərinə, müəllimlərə və alimlərə qayğının artmasından, onların layiqincə qiymətləndirilməsindən danışarkən H.Əliyevin öz müəllimini 100 illik yubileyi münasibətilə mükafatlandırması səhnəsini əks etdirən foto ekranda canlandırılaraq iştirakçılara çatdırılıb və məruzəçi öz fikirlərini H.Əliyevin müəllimlər və təhsil haqqında söylədiyi kəlamlara istinad edərək tamamlayıb.

Dəyirmi masanın sonunda Azərbaycan təhsili ilə bağlı iştirakçıların sualları cavablandırılıb, H.Əliyevin fəaliyyəti dövründə diqqət mərkəzində olan təhsil məsələlərinə indi də həssaslıqla yanaşılmasından, onun qoyduğu ənənələrin davamlılığından bəhs olunub. Gənc həmkarlarını maraqlandıran sualları cavablandırarkən dosent F.Abdullayeva hazırda ABŞ-ın müxtəlif təhsil proqram və layihələrindən bəhrələnmiş 8000-ə yaxın Azərbaycan vətəndaşının olmasından,   Azərbaycan Dillər Universitetindəki dil və mədəniyyət mərkəzlərinin, o cümlədən Bakı Amerika Mərkəzinin əhatəli rolundan, Universitetdə xarici tələbələrin təhsil alması üçün mövcud proqramlardan da bəhs edib.

İndiana Universitetinin müəllim və tələbələrinin canlı iştirak etdiyi və bəzi tələbələrin digər ştatlardan Zoom bağlantısı ilə qatıldığı dəyirmi masanın sonunda dosent F.Abdullayevaya universitetin “Dünyanın sənə ehtiyacı var. Hazırsanmı?” adlı nəşri, musiqi diski və Amerika ədəbiyyatının son nümunələrindən biri hədiyyə olunub.

22