Azərbaycan Dillər Universitetinin keçdiyi inkişaf yolu - 75

 14:36 19.06.2023     1049

Zəngin tarixi keçmişə malik olan  Azərbaycan Dillər Universiteti  tədris, elm, humanitar və beynəlxalq sahələrdə qazandığı böyük nailiyyətlərilə respublikanın təhsil sistemində özünəməxsus yer tutmuş, respublikanın ali məktəbləri arasında aparıcı təhsil ocaqlarından birinə çevrilmişdir. Bünövrəsi 75 il bundan əvvəl qoyulmuş universitetin keçdiyi inkişaf yolu kollektivin hər bir üzvü üçün əsl qürur mənbəidir. Keçən əsrin otuzuncu illərinə qədər bir nəfər də azərbaycanlı xarici dil mütəxəssisi olmayan respublikada hazırda məhz bu universitetin yetişdirməsi olan minlərlə ali təhsilli müəllim, tərcüməçi fəaliyyət göstərir.Onun məzunları müstəqil Azərbaycanın daha da inkişaf etməsi, dünya ölkələri arasında nüfuzunun artması, dövlətçiliyinin möhkəmləndirilməsi  naminə xalq  təssərrüfatının müxtəlif sahələrində uğurla çalışır, əllərindən gələn köməyi əsirgəmirlər.

Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçmiş və hal hazırda bu iş böyük uğurla davam etdirilir. Dünyanın aparıcı ali məktəbləri ilə sıx əlaqə yaradılmışdır və hazırda qarşılıqlı əməkdaşlıq yolu ilə həmin təhsil ocaqlarının qabaqcıl iş təcrübəsi elm və tədris prosesində uğurla tətbiq olunur.

Universitet bu illər ərzində öz dəsti-xətti ilə seçilən, roman-german dilləri, habelə Qərb xalqları ədəbiyyatının nəzəri və təcrübi problemlərinin fundamental tədqiqi sahəsində misilsiz xidmətləri olmuş görkəmli alimlər yetişdirmişdir. Respublikamızda ingilis, alman və fransız dillərinin müxtəlif aspektləri üzrə nəşr olunmuş dərslik, dərs vəsaiti, proqram, metodiki işləmə və ikidilli, üçdilli, eləcə də çoxsaylı izahlı lüğətlər universitetimizin alimləri tərəfindən hazırlanmışdır.

Ümummilli lider Heydər Əliyevin 13 iyun  2000-ci ildə “ Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” imzaladığı fərman respublikada ali təhsil müəssisələrinin işinin yenidən qurulması sahəsində mühüm rol oynadı. Fərman əslində respublikada təhsilə yeni konseptual yanaşma nəzərdə tuturdu və bütün ali təhsil müəsissələrinin, o cümlədən ali məktəblərin həyatında yeni mərhələnin başlanğıcını qoydu. Həmin fərmanla Azərbaycan Dövlət Dillər İnstitutunun bazasında Azərbaycan Dillər Universiteti yaradıldı. Zəngin ənənələri olan Xarici Dillər İnstitutunun bazasında universitet yaradılması əslində bu ali məktəbin həyatında yeni mərhələnin, Avropa təhsil məkanına inteqrasiyasının başlanğıcı idi.

Son illər tərcümə prosesinə, didaktikaya, Azərbaycan ədəbiyyatına, xarici ölkə ədəbiyyatına  dilçiliyə həsr olunmuş konfransların əhəmiyyəti nəinki Respublikamızdakı ali məktəblərin alimləri üçün, eləcə də konfransları müştərək keçirdiyimiz xarici ölkələrdən gəlmiş həmkarlarımız üçün də çox faydalı olmuşdur.

Universitetimiz tədrisin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində daim axtarışlar aparır, cəsarətli eksperimentlər qoyur, aparılan islahatların səmərəliliyini artırmaq məqsədilə qəti addımlar atır.

Universitetdə ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. “Bu gün elm sahəsində çalışanların əksəriyyəti, gənc nəslin nümayəndələridir. 30-32 yaşında olan bir şəxs demək olar ki, elmə çox ciddi maraq göstərir. Hesab edirəm ki, universitetimizdə gənclərin elmə maraq göstərməsi üçün stimullasdırıcı tədbirlər kifayət qədərdir. Tələbələrin magistr təhsili almaları üçün uğurlu addımlar atılıb: Universitetdə magistatura dərslərinin axşam saatlarında təşkil olunması əmək fəaliyyəti ilə məşgul olmaq istəyənlərə dəstəkdir. Magistratura proqramları, tələbələrə akademik məhsulları artırmaq, tədqiqat yetərliklərini inkişaf etdirmək və peşəkar sahələrdə müvəffəqiyyət qazanmaq üçün geniş perspektivlər açır. Universitetdə magistraturanı bitirən tələbələr əmək bazarında peşəkar perspektivlərə malik olurlar.

ADU gənclərə dəstək verən bir universitetdir. Gənclər, təhsil, təcrübə və sosial imkanlarla peşəkar inkişaf və sosial əlaqələr qurma imkanına malik olurlar. Qısa tarixi dövr ərzində universitetimiz çox az təhsil müəssisəsinə müyəssər olan nailiyyətlər qazanmışdır.Təsadüfü deyildir ki, indi buraya dünyanın bir çox ölkələrindən təhsil almağa gələnlərin sayı ilbəil artır.

Universitetimizdə müasir tələblər səviyyəsində həyata keçirilən layihələr və tədbirlər hörmətli rektor, akademik Kamal Abdullanın göstərdiyi qayğı nəticəsində tələbə qəbulunun sayı ildən-ilə artır, məzunların ümumi dünyagörünüşü zənginləşir, bilik səviyyəsi yüksəlir. Hazırda onların çoxu respublikanın dövlət strukturlarında, səfirliklərdə,müxtəlif şirkət və assosiyalarda, idarə və təşkilatlarda uğurla fəaliyyət göstərir. Çalışırıq ki, xidməti vəzifəmizi layiqincə yerinə yetirək, təhsilimizin qorunması və nümayiş etdirilməsində səy və bacarığımızı əsirgəməyək. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Hər bir gənc əsaslı təhsil almalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimsəməlidir. Hər bir gənc müasir həyatda iqtisadiyyatsiyasət sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir.“    

Dosent Firuzə Ədalət qızı Rzayeva,

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin müdiri