"Suallar asan idi" - Yüksək bal toplayan abituriyent

 19:07 20.06.2023     543

“Qəbul imtahanında maksimum-400 bal toplayacağıma inanırdım”.

Redaktor.az xəbər verir ki, bunu “Report”a açıqlamasında I və IV ixtisas qrupları üzrə 3-4 iyunda keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyent Saud Hüseyn deyib.

S.Hüseyn qeyd edib ki, imtahan suallarını cavablandırmaq onun üçün çətin olmayıb.

“10-cu sinifdən fərdi şəkildə müəllim yanına gedirdim, iki ildir hazırlaşırdım. Gözlədiyim suallar idi və asan cavablandırdım. Qətiyyən həyəcanlanmadım, hər hansı qorxum yox idi, çətinlik çəkmədim. Özümə inanırdım”.

S.Hüseyn söyləyib ki, qəbul imtahanlarına hazırlaşdığı iki il ərzində ailəsi daim ona dəstək olub: “Ailəm mənə çox böyük dəstək və motivasiya verib. Sevincimi ilk olaraq onlarla bölüşdüm, çox sevindilər. Mənə çox ümidli idilər, ümidlərini doğrultdum”.

Həmçinin, S.Hüseyn vurğulayıb ki, yüksək nəticə qazanmasında müəllimlərinin və yaxılarının da rolu böyükdür.

Harada təhsil almaq məsələsinə gəlincə, o bildirib ki, hələlik seçim etməyib: “Xarici ölkədə təhsil almaq fikrim var. Avropa ölkələrindən birinə gedib orada oxumaq istəyirəm. Əgər Azərbaycanda oxusam Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasını seçəcəm”.

Qeyd edək ki, Saud Hüseyn 2006-cı il sentyabr ayının 7-də Bakıda, ziyalı ailəsində anadan olub. Bakıda 147 nömrəli Texniki-Humanitar Liseyi bitirib. Onun iki bacısı da müxtəlif illərdə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.