"Dərsliklərimiz o qədər çətindir ki, ali təhsilli valideynlərimiz başa düşməkdə əziyyət çəkirlər" 

 14:24 21.06.2023     959

Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar.

Onun sözlərinə görə, təxminən 50 faizə yaxın nəticələr göstərir ki, abituriyentlər xarici dili B1 səviyyəsində bilirlər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov ilk öncə qeyd etdi ki, hal-hazırda Azərbaycanda ölkə vətəndaşlarının yalnız 17 faizi ali təhsillidir.

Onun sözlərinə görə, hər il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və xüsusən yüksək bal toplayanlar arasında valideynlərinin təhsili olmayanlar da var:

"Əlbəttə, orta məktəblərdə ev tapşırığının yerinə yetirilməsi və yaxud da digər təhsil mühitinin təşkil olunması üçün təhsilli valideynlər əsas şərtlərdən biri hesab oluna bilər. Amma ən vacib və yaxud da ki, birmənalı şəkildə biz bu meyarı götürə bilmərik ki, valideynləri ali təhsilli olan şəxslərin mütləq şəkildə nəticələri yüksəkdir. Biz bu tipdə kifayət qədər rəqəmlər görə bilərik ki, valideynləri ali təhsillidir, hətta elmi dərəcələri var, amma övladları qəbul imtahanında hər hansı bir nəticə toplamır. Yəni bu faktor yüzdə yüzlük özünü həmişə doğrultmur ki, valideynləri ali təhsilli olan şəxslərin övladları daha yaxşı nəticə toplayırlar. Yenə də deyirəm, ölkə vətəndaşların 17 faizi, yəni hər 1000 nəfərdən cəmi 170 nəfər ali təhsillidir. Amma təbii ki, valideynlər ali təhsilli olanda evdə təhsil mühiti olur. Birinci növbədə biz keyfiyyətli təhsildən danışmalıyıq. Ola bilər ki, həmin valideynlər ali təhsilli olsun. Bu gün, qəbul sistemi, orta məktəb dərsliklərimiz o qədər çətindir ki, ali təhsilli valideynlərimiz başa düşməkdə əziyyət çəkirlər. Bəzən valideynlər istəmirlər ki, övladları o əziyyəti çəksin, ona görə daha çox peşə istiqamətinə yönəldirlər. Yenə deyirəm, bu faktor yüzdə yüzlük həmişə doğru deyil".

Həmidə İBRAHİMLİ