"Yerindən qalxan şəxs dərslik yazmamalıdır" - Deputatdan kəskin ETİRAZ

 16:51 22.06.2023     1617

“Bu gün həm şagirdlər, həm müəllimlər həm də valideynlər dərsliklərdən, mövzuların ağır dildə yazıldığından, öyrədilən məsələnin açılmadığından narazılıq edirlər”.

Bu sözləri Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili, professor Musa Qasımlı orta məktəb dərsliklərinin dilinin qəliz olmasından danışarkən dedi.

Deputatın sözlərinə görə, bu vəziyyətin yaranmasının bir neçə səbəbi var:

"Hamı yaxşı bilir ki, ən mürəkkəb məsələni sadə dildə yaza, izah edə bilməyən şəxs deməli həmin məsələyə hakim deyil, həmin problemi bilmir. Əgər dərslikdə hər hansı bir mövzunun təqdim edilməsi dili ağırdırsa, bu o deməkdir ki, dərsliyin müəllifi və ya müəllifləri həmin problemlərə hakim deyillər, o mövzunun mahiyyətini, fəlsəfəsini bilmirlər".

Professor qeyd etdi ki, dərsliyi hər alim olan şəxs yaza bilməz:

“Dərsliyin yazılmasının bəlli standartları və prinsipləri var. Dərslik yazan şəxs müvafiq sinifin şagirdlərinin psixologiyasını və qavrama qabiliyyətini bilməlidir. Və bundan əvvəl özü həmin məsələni dərindən bilməli, sadə və anlaşıqlı dildə şagirdə çatdırmaq üçün yazmalıdır. Bunun digər səbəbləri də vardır, lakin mən o məsələlərə qətiyyən toxunmaq istəmirəm”.

Millət vəkili düşünür ki, yaranmış bu vəziyyətdən çıxmağın yolları var.

“Dərsliyi yanlız dərslik yaza bilən şəxsə tapşırmaq lazımıdır. Yerindən qalxan şəxs dərslik yazmamalıdır. Dərsliklərin yazılmasında inhisarçılığa yol vermək olmaz. Hər il və ya bir neçə ildən bir dərslikləri dəyişmək ziyanlıdır. Təbiidir ki, dərsliklər təkmilləşdirilməlidir. Yol verilən boşluqlar aradan qaldırılmalıdır. Hesab edirəm ki, dərslik məsələsində dövlətimizin siyasətinə ciddi riayət olunmalıdır”,- deyə Musa Qasımlı bildirdi.

Arzu İSMAYIL