Azərbaycan Dillər Universiteti - 75
75 il öncə Azərbaycanda xarici dillərin daha da səmərəli və intensiv öyrənilməsi sahəsində mühüm addımlar atıldı. Azərbaycan SSR Nazirlər Sovetinin respublikada “Xarici dil müəllimlərinin hazırlanması haqqında” 10 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948/1949-cu tədris ilində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Xarici dillər fakültəsi bazasında Pedaqoji Xarici Dillər İnstitutu fəaliyyətə başladı və bununla da ixtisaslaşmış ali təhsil müəssisəsi olan Azərbaycan Dillər Universitetinin əsası qoyuldu. Həyata keçirilən islahatlar səbəbindən 1959-cu ildən Rus Dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirilən təhsil müəssisəsi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə yenidən müstəqil institut (Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (APXDİ)) kimi fəaliyyətə başladı.
Müstəqillik əldə edəndən sonra, ölkəmizdə dünyanın inkişaf etmiş ölkələrinin dillərini bilən mütəxəssislərə daha çox ehtiyac yarandı. Bunun üçün də Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə verdiyi Sərəncamla “Universitet” statusu alan Xarici Dillər İnstitutunun həyatında yeni mərhələ başladı. Prezidentin sərəncamına əsasən Azərbaycan Dövlət Dillər Universiteti adlandırılan bu təhsil müəssisəsinin elmi və maddi-texniki bazası daha da genişləndirildi. Universitetdə yeni dil və mədəniyyət mərkəzləri, yeni fakültələr açıldı, universitet təhsil sahəsində beynəlxalq layihələrə qoşuldu. Keçən illər ərzində təkmilləşən, müasirləşən, dünya universitetləri sırasına qoşulan, tələbə kontingenti dəfələrlə artan Universitetin məzunları ölkəmizin müxtəlif idarə və təşkilatlarında, əksər təhsil müəssisələrində fəaliyyət göstərirlər.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsi sahəsinə göstərdiyi qayğı Azərbaycan Dillər Universitetinin həyatından da yan keçməyib. Ötən illər ərzində Universitetin maddi-texniki bazası yenilənib, yeni tədris binası tikilib, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib, tələbələrin təqaüdləri artırılıb.
Azərbaycan Respublikasının 2005-ci ildə Boloniya prosesinə qoşulmasından sonra Azərbaycan Dillər Universiteti ölkəmizdəki dövlət universitetləri içərisində ilk olaraq Boloniya sisteminin qaydalarını tətbiq edən universitetlərdən oldu. Boloniya prosesinə qoşulmaq nəticəsində tələbə mübadiləsinə imkan yarandı, tələbələr TEMPUS, ERASMUS, Mövlana və bunlara uyğun beynəlxalq proqramlarla dünyanın müxtəlif universitetlərində bilik və bacarıqlarını artırmaq imkanı əldə etdilər, məzunların diplomları (bakalavr və magistr) Avropa məkanında tanındı. Essex və Strasburq universitetləri ilə bağlanan müqavilələr tələbələrə ikili diplom əldə etmək imkanı yaratdı.
2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dillər Universitetinə akademik Kamal Abdulla rektor təyin edildi. Elə həmin il Prezident İlham Əliyevin sərəncamı ilə “publik hüquqi şəxs” statusu alan universitet, tarixinin yeni mərhələsinə qədəm qoydu, xarici universitetlərlə əməkdaşlıq intensivləşdi, yeni mərkəzlərin, elmi-tədqiqat laboratoriyaların açılması istiqamətində addımlar atıldı. Fəaliyyət göstərən bütün mərkəz və elmi-tədqiqat laboratoriyalarında tədrisin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində görülən işlərlə bərabər, dövlət ideologiyası olan azərbaycançılığın və dövlət siyasətinin təbliği önəmli yer tutdu.
ADU-nun yeni rektorunun təşəbbüsü ilə universitetimizdə mövcud olan dil və mədəniyyət mərkəzlərinə yeniləri əlavə edilib. Eyni zamanda bir sıra ölkələrin universitetlərində Azərbaycan dili və mədəniyyətini tədris və təbliğ edən mərkəzlər açıldı. Belə mərkəzlərdən biri də 2018-ci ildə ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü və iştirakı ilə Belqrad universitetində açılan “Azərbaycan dili və mədəniyyəti mərkəzi”dir. Bu mərkəz Azərbaycan dilinin tədris etməklə bərabər, həm də keçirdiyi tədbirlərlə ölkəmizi tanıdır. Qeyd edim ki, ADU-nun tərəfdaşı olan xarici universitetlərdə belə mərkəzlərin açılması prosesi davam etməkdədir.
Azərbaycan Dillər Universitetində tədris prosesi ilə yanaşı azərbaycançılığın təməl prinsipi olan multikultural ənənələrin təbliği və öyrənilməsi sahəsində mütəmadi tədbirlər təşkil edilir, görüşlər keçirilir. Tədbirlərə tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, xaricdən gələn qonaqlar dəvət edilir. ADU-da multikulturalizm və tolerantlığa həsr olunmuş tədbirlər, eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə də əlaqəli şəkildə həyata keçirilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R.Həsənov bu mərkəzin Himayəçilik Şurasının rəhbəri akademik Kamal Abdulla ilə daimi əlaqəli şəkildə respublikamızda və dünyada multikulturalizmi, tolerantlığı təbliğ edən beynəlxalq və respublika səviyyəli tədbirlərin, layihələrin həyata keçirilməsində fəallıq göstərir. 2022-ci ildə Rumıniyanın ən qədim universiteti olan Yassı Universitetində akademik Kamal Abdullanın iştirakı ilə Azərbaycan Multikulturalizm mərkəzinin açılışı olub.
ADU-da son 5 ildə Türkiyə Araşdırmaları Mərkəzi, Serb dili və Mədəniyyəti Mərkəzi, Rumın dili və Mədəniyyəti Mərkəzi, Macar dili və Mədəniyyəti Mərkəzi, Rusiyaşünaslıq, Azərbaycanşünaslıq və Multikulturalizm elmi-tədqiqat laboratoriyaları açılıb. 2022-ci ildən universitetimizdə Yunan Araşdırma və Mədəniyyət Mərkəzi, Qədim Dillər Mərkəzi (Sanskrit dili) fəaliyyətə başlayıb. Universitetdə mövcud olan mərkəzlər vasitəsi ilə dil və mədəniyyəti öyrənilən ölkələrin səfirləri ilə “Səfir saatı” klubu çərçivəsində görüşlər keçirilir, həmin ölkələrin uyğun təhsil müəssisələrinin təcrübəsi öyrənilir və müəllimlərin təkmilləşdirilməsi üçün əməkdaşlıq edilir.
Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasətdə təbliğat-təşviqat fəaliyyətinə dəstək üçün real addımlar atdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün universitetdə “qərargah” yaradıldı və dünyanın aparıcı dövlətlərinin prezidentlərinə, baş nazirlərinə, parlament sədrlərinə, beynəlxalq təşkilatlara, media orqanlarına, universitetlər başda olmaqla elm və təhsil müəssisələrinə Azərbaycan dövlətinin və xalqının haqq işini əks etdirən dörd mindən çox məktub yazıldı.
Azərbaycan Dillər Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli elmi konfranslar keçirilir. Akademik Kamal Abdullanın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş, öz möhtəşəmliyi ilə dünyada maraqla qarşılanan belə mötəbər konfranslardan biri də 2018-ci ildə aprelin 9-dan mayın 5-ə qədər davam edən, bölmə iclasları dünyanın 10 ölkəsinin (Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Serbiya, Ukrayna, Rusiya, Belarusiya, Gürcüstan, Çin) 17 universitetində keçirilən beynəlxalq konfransdır.
Universitetimizdə “Heydər Əliyev İli” çərçivəsində də belə tədbirlər davam etməkdədir. 2023-cü il iyunun 14-də Ulu öndərin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” VI Beynəlxalq elmi konfransın açılış mərasimi oldu. ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq konfransın əhəmiyyətini qonaqların diqqətinə çatdırdı, konfransda təmsil olunan xarici universitetlərlə əlaqələrin daha da dərinləşəcəyi, Universitet tərəfindən bir sıra xarici ölkələrdə açılan dil və mədəniyyət mərkəzləri haqqında məlumat verdi. Bu konfransda ölkəmizin universitetlərini təmsil edən alimlər, ictimai-siyasi xadimlər, ölkəmizdə olan dini konfessiyaların rəhbərləri ilə bərabər, Türkiyədən Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Qorxmaz, Ege Universitetinin professoru Fikrət Türkmən, Rusiyadan Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov, Belarusiyadan Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Lapteva, Almaniyadan Maynz Universitetindən professor Hendrik Buşoten, Pakistandan Milli Müasir Dillər Universitetindən professor Muhammad Zubair İqbal, Rumıniyanın Yassı Universitetindən Azərbaycan Multikulturalizmi mərkəzinin direktoru Lyudmila Bejenaru, İtaliyadan Sandro Teti və digər qonaqlar təbrik çıxışları etdilər.
Azərbaycan Dillər Universiteti həmçinin yerləşdiyi ərazinin siyasi təşkilatları və icra srtrukturları ilə yaxından əməkdaşlıq edir, birlikdə tədbirlər keçirir, yaxud həmin tədbirlərə ev sahibliyi edir. Universitetdə mütəmadi olaraq Nəsimi rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı və onun ərazi təşkilatı ilə birlikdə dövlətçilik ideologiyasına, Ümummilli lider Heydər Əliyevin siyasi irsinə, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətçilik istiqamətindəki fəaliyyətinə həsr olunmuş tədbirlər təşkil edilir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bu il həm də universitetimizin 75 illik yubileyidir və bu yubileyə gözəl hədiyyə kimi Azərbaycan Dillər Universitetinin QS Universitetlərin Dünya Reytinqi (QS World University Rankings 2023) cədvəlində dünyanın 161 ölkəsinin 1594 ali təhsil müəssisəsi arasında “Müasir dillər” üzrə 301-340-cı sıraya daxil edilməsidir.
Bütün bu qeyd edilənlər universitetimizin rektoru akademik Kamal Abdullanın rəhbərliyi ilə kollektivin əldə etdiyi uğurların real göstəricisidir.
Dosent Qorxmaz Mustafayev, Yeni Azərbaycan Partiyası Nəsimi rayonu ADU üzrə ərazi partiya təşkilatının sədr