"Əvvəlcədən onlara suallar paylanılır..." - Etibar Əliyev

 12:36 25.06.2023     1407

"Son illər plagiatlıqdan betər proseslər gedir. Müdafiə olunan azı 80 faiz dissertasiyalar yazdırılır. Bütün elm sahələri üzrə dissertasiya yazan qruplar formalaşıb. Heç bir aktuallığı olmayan mövzulardan işlər yazılır. Rahat müdafiə prosesləri keçirilir. Bəs bunu necə sübut etmək olar? İddiaçılar 15 dəqiqəlik çıxışda dissertasiyanı kağızdan oxuyurlar. Əvvəlcədən onlara suallar paylanılır. İddiaçının işinin özünün yazmadığının bir sübutu da ədəbiyyat siyahısdır. Köhnə ədəbiyyatlara geniş yer verilir və alim olmaq üçün dissertasiyanı yazdıranlar istifadə olunmuş ədəbiyyat siyahısndakı kitabların birinin də üzünü belə görməyiblər".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev elm və Təhsil naziri Emin Əmrullayevin "plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır" fikrinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, o, AMEA-nın Fəlsəfə və Hüquq İnstitunda işləyəndə belə faktlara çox rast gəlib.

"Ali Attestasiya Komissiyası bu işlərdən xəbərsiz deyil. Rəhməltik Azad Mirzəcanzadə verdiyi cəmi 2 sualla bunu aşkara çıxarırdı. İndi sualı kim verəcək? Kitab oxuyan varmı ki, ədəbiyyat siyahısından suallar versin? Elm sahələri üzrə yazılmış yeni ədəbiyyatlara kitab mağazalarında toxunan belə yoxdur", - deyə deputat qeyd edib.

Həmidə İBRAHİMLİ