"Emin Əmrullayev elmi işini başqasına yazdıran "alim"lərin üzərinə düşsün..." - Vüsalə Ağabəyli
Elm və təhsil naziri Emin Əmrullayev plagiat elmi işlərlə bağlı maraqlı açıqlama verib. Nazir hesab edir ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. "Bunun başqa yolu yoxdur", - deyə Əmrullayev bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylinin sözlərinə görə, onu əsas düşündürən məsələ plagiatlıqdan çox öz elmi işini başqasına yazdıranlardır.
“Müəyyən qədər plagiatlıq faizi bir kənara qalsın. Bəs, bütövlükdə dissertasiya işini başqa şəxslərə yazdıran "alimlər" haqqında niyə danışılmır heç? Belə "alim", "mütəxəssis" bizim ölkəyə, elmə və təhsilə lazımdır? Kiminsə tədqiqat işində ortaya çıxan plagiatlıq müəyyən faizdirsə, yenidən redaktəyə göndərilə bilər. İş varsa, problem olması gözləniləndir. Təbii ki, mən müəyyən faizi nəzərdə tuturam, işin əgər böyük bir hissəsi plagiat çıxıbsa, bu tamamilə ləğv olunmalıdır. Bəs, bütünlüklə tədqiqat işini xarici mənbələrdən götürüb tərcümə edənlərin, öz tədqiqatından xəbəri olmayıb işi kiməsə yazdıranların, müdafiəyə qonaq kimi gəlib hazır materialı üzündən oxuyanların, əvvəlcədən paylanmış suallara hazır cavabları oxuyanların elmi və pedaqoji fəaliyyəti niyə araşdırılmır? Əksinə, belələrinin işi seçilmiş mükəmməl alimlər tərəfindən yazıldığı üçün heç plagiat problemi də ortaya çıxmır”.
Ekspert qeyd etdi ki, həmin "alimlər" elmi dərəcə və adları da digərlərindən daha tez və "uğurla" alırlar.
“Maraqlıdır ki, elmi işində müəyyən qədər faiz plagiatlıq çıxan və ya hansısa problem çıxan alim daha zərərlidir, yoxsa öz elmi işindən xəbərsiz olub işi başqasına yazdıran? Emin Əmrullayev və AAK-ın sədri Famil Mustafayev sırf bu məsələnin üzərinə düşsə, bu cür yararsız alimlərin elmi fəaliyyətinə xitam versə, digər plagiat faizli problemlər də öz-özlüyündə həllini tapacaq. Bu bilirsiz nəyə oxşayır? Selin qarşını ala bilməyə gücümüz çatmır, amma balaca bir su arxı haqqında danışırıq, bəndlər tikirik. Bu "lilli sel" elm və təhsil sistemimizin kökünü çürütməkdə davam edir. Ömürlük qadağanı da məhz sifarişlə tədqiqat işini başqalarına yazdırıb digərlərindən daha öncə müdafiə edən yararsız mütəxəssislərə tətbiq etmək lazımdır”, - deyə Vüsalə Ağabəyli bildirdi.
Arzu İSMAYIL