"Dövlət hesabına yay düşərgələri təşkil olunmalıdır" - Təhsil eksperti
Bu günlərdə şagirdlərə, valideynlərə maraqlı gələn mövzulardan biri də şagirdlər üçün yay düşərgələrinin təşkilidir. Bu düşərgələrin məqsədi şagirdlərin istirahəti, inkşafı, əylənməsidi. Lakin hal-hazırda bu düşərgələr özəl şirkətlər tərəfindən həyata keçirilir. Bu zaman isə qiymətlər hər kəsin büdcəsinə uyğun olmur.
Bəs niyə Azərbaycanda şagidlər üçün ödənişsiz yay düşərgələri yoxdur? Bu, nə vaxtsa təşkil oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, bu, xüsusi maddi vəsait tələb edən bir prosesdir.
“Sovet dönəmində dövlət hesabına yay düşərgələri və uzadılmış hazırlıq qrupları təşkil olunurdu. Bu, həm işləyən valideynlər, həm uşaqlar, həm də cəmiyyət üçün çox faydalıdır. Ona görə ki, son zamanlar texnika inkişaf etdikcə, uşaqlar arasında ünsiyyət və münasibət pozuntuları yaranıb. Tədris müddətində isə ev tapşırıqlarının ağırlığından şagirdlərdə dincəlmə və əyləncə vaxtını düzgün tənzimləmə mümkün olmur. Yay düşərgələri bunun üçün ən mükəmməl variantıdır".
Ekspert təəssüflə bildirdi ki, ölkədə özəl sektorlarda təşkil olunan yay düşərgələrinin qiyməti əksəriyyət üçün əlçatan deyil.
"Bəzi müəssisələr 2 həftəlik yay düşərgələrinə 800 manat, bəziləri isə 1 aylıq yay düşərgələrinə 1000 manat təklif edir. Bu qiymətlər kim tərəfindən təyin olunur və nəyə əsasən təyin olunur, aydın deyil. Lakin dövlət hesabına büdcədən vəsait ayrılaraq bu tipli yay düşərgələrinin təşkil olunması, bütün cəmiyyət tərəfindən arzuolunandır və gələcəyimiz üçün faydalıdır”-deyə Vüsalə Ağabəyli fikrini tamamladı.
Arzu İSMAYIL