"Xalqı aldatmağın özü elə cinayətdir" - Professor saxtakar alimlərdən danışdı
"Plagiatlıq saxtakarlıqdır".
Bu sözləri Redaktor.az-a açıqlamasında professor Şahlar Əsgərov elm və təhsil naziri Emin Əmrullayevin "Plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır" təklifini şərh edərkən bildirdi.
"Mən nazirin bu fikrini bəyənirəm. Əlbəttə ki, insanlar düz danışmalıdır, düz elmi nəticələr almalıdırlar, saxtakarlıq etməməlidir. Yalan danışmaqla, yalan elmi nəticə ilə hara gedə bilərik? Dövlət elmə pul ayırır ona görə ki, elmi nəticə vasitəsilə istehsal ucuzlaşsın və əhalinin vəziyyəti yaxşılaşsın. Dövlət alimə pul ayırır, alimin də aldığı nəticə saxtadır. Saxta mənsuba heç zaman qiymət vermək olmaz. O, əksinə, çox ziyanlıdır. Dövlətin büdcəsi gedir, yerində də nəticə yoxdur. Yalan nəticələrlə heç nə əldə etmək olmaz. Dostoyevskinin bir sözü var, deyir ki, "yalanla dünyanın o başına gedə bilərsən, amma geri qayıda bilməzsən". Bilmirəm burda cinayət tərkibi var, yoxdu, ancaq xalqı aldatmağın özü elə cinayətdir. Nazir hələ yüngül cəza tələb edib. Mən təklif edərdim ki, bir az da ağırlaşdırsın”,-deyə o, vurğuadı.
Arzu İSMAYIL