Oğlan və qız abituriyentlərin ən çox seçim etdiyi ixtisaslar bunlardır
Respublikanın böyük şəhərlərindən və kənd rayonlarından olan abituriyentlərin ayrı-ayrı ixtisas qruplarına meyilləri və fənlər üzrə test suallarına cavabvermə göstəricilərinin hər biri ayrılıqda araşdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.
Qeyd edilib ki, nəticələrə əsasən hər iki kontingentin ixtisas qruplarına olan istək və meyilləri arasında fərq, demək olar ki, yox dərəcəsindədir. Həm böyük şəhərlərin, həm də kənd rayonlarının oğlan abituriyentləri riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentləri isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verirlər. Lakin bu iki kontingentdən olan abituriyentlərin imtahan fənləri üzrə test tapşırıqlarına cavablarında ciddi fərq var.
Böyük şəhərlərdən olan abituriyentlərin hazırlıq səviyyəsi kənd rayonlarından olan abituriyentlərin hazırlıq səviyyəsindən yüksəkdir. Bu üstünlük özünü, ənənəvi olaraq, daha çox ingilis dili fənni üzrə hazırlıq səviyyəsində göstərir. Şəhərlərdən olan abituriyentlərin səviyyəsi bütün fənlər üzrə yüksəkdir. Bu, şübhəsiz, şəhər məktəblərinin maddi-texniki bazasının, təlim-tədris texnologiyasının, informasiya təminatının kənd məktəbləri ilə müqayisədə xeyli üstün olması və digər obyektiv amillərlə bağlıdır. Bununla belə, son illər dövlət xətti ilə, həmçinin Heydər Əliyev Fondu tərəfindən respublikanın müxtəlif bölgələrində, əsasən də kənd rayonlarında müasir standartlara cavab verən məktəblərin inşa edilməsi, onların maddi-texniki bazasının və müəllim potensialının gücləndirilməsi şəhər və rayon abituriyentlərinin bilikləri arasındakı fərqin azalmasına təsir göstərir.