"Faydasız imtahan sualları gəncləri ölkəmizdəki təhsildən didərgin salır" - Ekspertdən DİM-ə ETİRAZ

 15:42 05.07.2023     1535

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ötən ilin yekunları ilə bağlı hesabat verib. Hesabatda bildirilib ki, subbakalavrların (kollec məzunu) diplom balları obyektiv deyil.

“Subbakalavrların imtahan nəticələri zəif, histoqramlar isə sağtərəfli assimmetriyaya malikdir. İmtahanın I mərhələsində iştirak edən 889 subbakalavrın topladıqları balların riyazi gözləməsi 83.26-ya bərabər olub, onların yarısı 78.1 baldan az bal toplayıb” - hesabatda deyilir.

Bəs, DİM-in bu hesabatı ilə nə qədər razılaşmaq olar?

Təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bununla bağlı fikirlərini Redaktor.az-la bölüşdü.

O bildirdi ki, Dövlət İmtahan Mərkəzi ölkədə olan bütün təhsil strukturlarının fəaliyyəti ilə narazıdır və nəticələrinə şübhə ilə yanaşır:

“Orta məktəb attestatlarına şübhə ilə yanaşır, subbakalavr diplomlarına şübhə ilə yanaşır, ali təhsil müəssisələrinin verdiyi diplomlara şübhə ilə yanaşır, fəaliyyət göstərən müəllimlərin peşə bacarıqlarına şübhə ilə yanaşır. O zaman nə etməli? Biz də istəyirik ki, ölkəmizdə doğru-düzgün təhsil islahatları aparılsın. Qeyri-obyektiv qiymətləndirmə və şübhələrə əsaslanaraq DİM Elm və Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə hansı təklifi verib? Qeyri-obyektiv qiymətləndirməni hansı meyarlara əsasən ölçür və yanlışlıqlarla bağlı nə təkliflər var? DİM-in təşkil etdiyi imtahanların qiymətləndirilməsini, bəs, tam obyektiv hesab etmək mümkündür? Görünür ki, ümumi təhsil üçün çalışan struktur yoxdur və ya az saydadır".

Dosent dedi ki, subbakalavrların imtahan prosesində iştirak etmədən ümumi orta qiymətləndirmənin nəticələrinə görə birbaşa universitetlərə qəbul olunması DİM-i düşündürür.

“Lakin imtahan gərginliyi və stressi ilə, lazımlı-lazımsız test topluları ilə gəncləri təzyiq altında saxlamaqdansa, elmə və təhsilə gələn yolların qapılarını gənclərin üzünə geniş açmaq lazımdır. Faydasız imtahan sualları inkişafa heç bir xidmət göstərmir, əksinə gəncləri ölkəmizdəki təhsildən didərgin salıb xaricə sürükləyir. Təhsil sisteminin yenilənməsi və inkişafı labüddür, bunun üçün də, hər zaman qeyd etdiyim kimi DİM və ETN birlikdə və mütəşəkkil fəaliyyət göstərməlidir", - deyə V.Ağabəyli vurğuladı.

Humay İSGƏNDƏRLİ