Şimal bölgəsində şagirdlər Azərbaycan dilini niyə zəif mənimsəyir?

 17:07 05.07.2023     985

Dövlət İmtahan Mərkəzi Şimal və şimal-qərb rayonlarının bəzilərində şagirdlərin dövləti dili üzrə bilik və bacarıqların zəif olduğu barədə məlumat yayıb.

Bununla bağlı “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd olunub.

“Ötən il buraxılış imtahanında iştirak edən ortastatistik şagirdin dövlət dili kimi Azərbaycan dilindən yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli test tapşırıqları üzrə balı (faizlə) 9-cu siniflər üzrə 61.93-ə, 11-ci siniflər üzrə 75.36-ya bərabər olub. Diqqəti daha çox cəlb edən məqam ölkənin şimal və şimal-qərb hissəsindəki bəzi bölgələrin şagirdlərinin zəif nəticələridir. İsmayıllı və Qax rayonlarının 9-cu sinif üzrə ortastatistik şagirdləri təqdim olunan 30 sualın yarısına belə cavab verə bilməyiblər. Qəbələ, Qusar, Oğuz, Xaçmaz, Zaqatala və Balakən rayonlarında isə bu göstərici müvafiq olaraq 50.11, 51.46, 53.49, 53.73, 55.01, 56.19-a bərabər olub. Göründüyü kimi, bu rayonlarda Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərin dövləti dili üzrə bilik və bacarıqları zəifdir”,-deyə jurnalda qeyd olunub.

Maraqlıdır, Şimal bölgəsində şagirdlər Azərbaycan dilini nə üçün zəif mənimsəyir?

Bununla bağlı Milli Micləsin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

Ddeputat vurğuladı ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi mütləq araşdırmalar aparmalıdır və tədbir görməlidir:

“Nəzərə almalıyıq ki, Azərbaycanın həm şimalında, həm də cənubda yaşayan milli azlıqlarla digər dövlətlər də çox sıx iş aparmağa çalışırlar. Məsələn, cənubda daha çox digər ölkələrin kanallarının daha geniş yayıldığını, şimalda da şimal qonşularımızın televiziya kanallarının daha geniş yayıldığını görürük. Ona görə düşünürəm ki, bu ərazilərdə aidiyyatı dövlət qurumları çox diqqətli və ölçülmüş, eyni zamanda ideoloji iş aparmalıdırlar. Çünki nəzərə almalıyıq ki, etnik məsələ Azərbaycanda hər zaman həssas olubdur. Etnik məsələni də  Azərbaycanda qızışdırmağa cəhdlər olub. Məsələnin kökünün araşdırılması, səbəbləri, dərsə davamiyyət, vətənpərvərlik və digər istiqamətlərdə işlərin hansı səviyyədə aparıldığı da ciddi nəzərdən keçirilməlidir. Bu halın aradan qaldırılması üçün mütləq müəyyən işlər də görülməlidir. Mən bunları öz mülahizələrimə əsasən deyirəm, amma aidiyyəti qurumlar bu məsələlərdə daha diqqətli olmalıdır”.

Humay İSGƏNDƏRLİ