"Ölkəmizdə müəllimlərin sayı tələbatdan iki-üç dəfədən də artıqdır" - Nadir İsrafilov

 19:14 05.07.2023     1073

“Oğlan abituriyentlərin riyaziyat və mühəndislik ixtisasını seçməsi, qızların isə humanitar və pedaqoji ixtisaslara üstünlük verməsi yeni məsələ deyil".

Bu fikirləri abituriyentlərin üstünlük vediyi ixtisaslar haqqında Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov dedi.

Ekspert bildirdi ki, bu illərdir respublikamız üçün xarakterik hal olaraq qalmaqdadır:

“Bu da təbiidir və daha çox mentalitetlə bağlı məsələdir. Düzdür son illər qızların riyaziyyat, mühəndislik, habelə digər yeni yaradılan ixtisaslara meyl və marağı müşahidə edilməkdədir. Bunu qızlarımızın həmin sahələr üzrə, xüsusilə də xarici unıversitetlərin müvafiq ixtisaslarina yüksək balla qəbul olunmalarından da açıq-aydın görmək olar. Bu da şübhəsiz ki, onların iş tapması probleminə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nın  təsdiq olunması da bu sahədə istər oğlanlarımıza, istərsə də qızlarımıza iş yerləri axtarışında müəyyən dəstək olacaqdır.”

N.İsrafilov qeyd etdi ki, pedaqoji sahədə yetəri qədər kadr artıqlığının yaranması danılmaz faktdır. Onun sözlərinə görə, hazırda ölkəmizdə müəllimlərin sayı tələbatdan iki-üç dəfədən də artıqdır.

"Yəqin, çoxlarına məlum olmamış deyil ki, Sovet dönəmində iki Pedoqoji İnstitut və Pedoqoji Texnikum var idi ki, onların məzunları müəllim tələbatını ödəyirdi. Yəni, təhsildə tələb-təklif adlanan bir prinsip var idi. O illər ərzində müəllimlərin işə qəbulu təyinatla olub. O zamankı Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyrənirdi və buna müvafiq tələbə qəbulu həyata keçirilirdi. Məzun ali məktəbi bitirəndən sonra, məsələn, Qubadan idisə və oradan sifariş gəlibsə, onu Qubaya, Şəkidən gəlibsə, Şəkiyə, Lənkərandan gəlibsə, Lənkərana göndərirdilər. Müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı. 70-dən çox ali və orta ixtisas təhsil müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul oldular. Problemin həllini universitetlərə qəbulun plan yerlərinin doldurulması hesabına deyil, müvafiq ixtisaslara tələbatın nəzərə alınması və tələb-təklif prinsipinın gözlənilməsi əsasında həyata keçirilməsində, əvvəllərdə olduğu kimi təyinat sisteminin bərpasında görürəm. Digər yeni ixtisaslara və peşələrə marağı isə orta məktəblərdə peşəyönümü işini gücləndirməklə nail olmaq olar. Məktəblərdə “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin miqyası genişləndirilməlidir", - deyə ekspert vurğuladı.

Humay İSGƏNDƏRLİ