"Valideynlər övladlarının adını qaçqın məktəblərinə yazdırırlar ki, şəhərdə repetitor yanında hazırlaşsınlar" - Etibar Əliyev

 15:30 06.07.2023     941

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən çap olunmuş “Abituriyent” jurnalının 12-ci nəşrində qeyd olunan mövzulardan biri də kənd məktəblərində təhsilin aşağı səviyyədə olması idi. Şəhər məktəblərində abituriyentlərin daha yüksək nəticə göstərməsini birbaşa məktəbdə təhsilin yüksək olması ilə əlaqələndirmişdilər. Ancaq hər kəsə məlumdur ki, onların nəticələri məktəbə yox, repetitora məxsusdur.

Bəs, kənd məktəblərində təhsilin aşağı səviyyədə olması fikri nə qədər doğrudur?

Mövzu ilə bağlı Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Redaktor.az-a danışdı.

O, bildirdi ki, iki il bundan öncə Dövlət İmtahan Mərkəzinin nəşrinə istinad edərək bir faktı yazıb:

“Deməli, Şərur rayonunun Aşağı Yaycı kəndinin göstəriciləri şəhərin mərkəzindəki 160 nömrəli, repetitorların toplaşdığı bir məktəbin göstəricilərindən yuxarı idi. Yəni bir kənd məktəbinin göstəricisi yuxarı idi. Eyni zamanda Biləsuvarda da digər rayonlarda yerləşən məktəblərin göstəricilərini təhlil etmişdim ki, onlar şəhərin mərkəzində yerləşən məktəblərin göstəricilərindən yüksək idi. Bir faktı deyim ki, bu danılmaz faktdır, bunu heç kim gizlədə bilməz, 10-11-ci siniflərin dərsə davamiyyəti çox aşağı səviyyədədir. Yuxarı sinif şagirdləri dərsə gəlmirlər, məktəbin müəyyənləşdirdiyi cədvəl üzrə dərslərdə iştirak etmirlər. Bunu da gizlətmək olmaz, əksər məktəb direktorları otaqları müəllimlərə icarəyə veriblər. Yəni bu göstəriciləri bu gün müqayisə etmək doğru deyil. Bir fakt da var ki, əksər şəhər məktəblərindən bir çox valideynlər övladlarının adını qaçqın məktəblərinə yazdırırlar ki, şəhərdə repetitor yanında imtahanlara hazırlaşsınlar. Bu cür müqayisə qüsurludur. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi birgə düşünüb imtahan modelini sadələşdirməlidir. Elə bir model qurmaq lazımdır ki, uşaqlar məktəbdə olsun. Yenə də qeyd edirəm ki, daha yaxşı olar ki, bu cür müqayisələrlə hansısa şəhər və kənd məktəblərinin fərqini yaratmasınlar.”

Millət vəkili bildirdi ki, regionlarda infrastrukturu geniş olan məktəblərin açılmasında məqsəd təhsilin keyfiyyətində coğrafi faktorun aradan qalxmasıdır.

“Buna baxmayaraq, təhsilin keyfiyyətində indi coğrafi faktoru qabardırlar. İndi kənddə yaşayan insanlar gəlib şəhərdəmi repetitor axtarmalıdır? Digər ciddi bir faktda var. İki il bundan əvvəl rayonların birində tədbirdə iştirak edirdim, məktəbdə müəllim çatışmazlıqları var. Coğrafiya müəllimi fizika dərsi, fizika müəllimi coğrafiya və biologiya dərsi deyir. Dəfələrlə təkrar etmişəm ki, əgər müəllim müəyyənləşdirilmiş balı toplaya bilmirsə və kənd məktəblərində işləmək niyyəti varsa, onu kənd məktəblərinə göndərmək lazımdır. Gözləmək lazım deyil ki, müəllim gələn il yüksək nəticə göstərər. Aşağı nəticə göstəribsə kəndə müəllim kimi göndərilməlidir, sinfin boş qalması 21-ci əsrdə bağışlanmaz bir haldır və çox ciddi fəsadlara gətirib çıxara bilər. Bu mənada Elm və Təhsil Nazirliyinin qarşısında çox ciddi bir tələb də durur. Tələb ondan ibarətdir ki, Azərbaycanın elə bir rayonu, kəndi olmamalıdır ki, qeyri ixtisas fənn müəllimi başqa bir fənni tədris etsin və yaxud da sinif boş qalsın. Bu da uşaqların məktəbdən yenə də yayınmasına gətirib çıxarır”, - deyə Etibar Əliyev bildirdi.

Deputat vurğuladı ki, dövlət büdcəsində pilot layihələrdən biri təhsildir:

“Milli Məclisdə pilot layihə kimi qəbul olunub. Nəticə əsaslı büdcəyə keçid, orta müddətli xərclər barədə dəyişikliklər olubdur. Nəticə əsaslı büdcə o deməkdir ki, ayrılan və artırılan vəsait effekt və nəticə versin. Əgər bu effekt və nəticə uşaqları məktəbdən yayındıracaqsa, yeni nəsil dərsliklərin hazırlanmasına rəvac verməyəcəksə, müəllim hazırlığına rəvac verməyəcəksə, onda düşünürəm ki, bu maliyyə vəsaitinin özü məqsədli şəkildə xərclənmir".

Humay ISGƏNDƏRLİ