"Tanışlıqla, qohumluqla işə düzəlməyə son qoyulmalıdır" - Deputat

 13:42 07.07.2023     1953

Ötən günlərdə Azərbaycan universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.  Bu ada 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən Səbinə Feyzullayeva layiq görülüb.

Lakin universiteti bitirən S.Feyzullayeva iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.

Maraqlıdır, niyə savadlı məzunlar, mütəxəssislər ölkəni tərk edir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, ümumiyyətlə, burada səbəblər müxtəlifdir.

Onun sözlərinə görə, bu gün reallıq ondan ibarətdir ki, Azərbaycandan xaricə çox ciddi şəkildə beyin axını var:

"Yəni inkişaf etmiş ölkələr çalışırlar ki, digər inkişaf etmiş ölkələrdən və ya ayrı-ayrı müsəlman ölkələrindən savadlı, bilikli insanları öz ölkələrinə çəksinlər. Misal üçün, mən dünən baxdım, Almaniyada xəstəxanalarda həkimlərə çox böyük ehtiyac var. Yəni həkimlər demək olar ki, azdır və xəstəxanalarda böyük növbə yaranır. Ona görə də onlar davamlı olaraq digər ölkələrdən kadrların cəlbinə yanaşırlar. Biz necə etməliyik? Mən bunu dəfələrlə qaldırmışam. Misal üçün, mən sizə adi bir nümunəni deyim. Mənim tanıdığım onlarla, yüzlərlə şəxs var ki, onların övladları orta məktəbdə oxuyur və hansısa olimpiadada, yarışmada çox yüksək nəticə göstərir. Artıq dünyanın ən aparıcı universitetlərindən həmin gənclərə təkliflər gəlir. Yəni baxın, Almaniyada keçirilmiş olimpiadada azərbaycanlı şagird yüksək göstərici göstərib. Artıq Almaniyanın universitetlərindən ona təkliflər gəlir. Bir dənə də Azərbaycan universiteti həmin gənclə maraqlanırmır. İkinci bir məsələ isə bu gün Azərbaycan universitetlərində oxuyan, təhsili ilə seçilən gəncləri Qərbdəki universitetlər izləyirlər və onlara təkliflər verirlər".

Deputatın fikrincə, biz çalışmalıyıq ki, işə qəbulda tam ədalətli, şəffaf bir sistem yaradaq.

"Yəni tanışlıqla, qohumluqla işə düzəlməyə son qoyulmalıdır. Misal üçün, bir Azərbaycan gənci xaricdə oxuyur, gəlir bura. Bəzən iş tapmaqda çətinlik çəkir. Bəzən dövlət qurumları onu işə götürmür. Çünki bu problem var. Amma həmin gəncə xaricdən təklif var. Misal üçün də, mən gənclər tanıyıram ki, onlar xaricdə oxuyublar, xaricdə onlara iş təklif olub. Onlar da vətənpərvər olduqlarına görə qayıdıb Azərbaycana gəliblər. Amma bir müddət Azərbaycanda qalandan sonra onlara kifayət qədər diqqət yetirilmədiyini, işə düzələ bilmədiklərini gördükdə onlar avtomatik olaraq qayıdıb həmin ölkələrdə öz fəaliyyətlərini davam etdirir. Çünki onlara orada bunun üçün şərait yaradılır. Yəni ona görə də bu gün ən yaxşı tələbələr, mütəxəssislər, hansı ki, kimlərin imkanları var, xaricə axışır. Bizim dövlət qurumları da bu kimi məsələlərdə çox diqqətli və həssas olmalıdırlar. Savadlı, bilikli gənclərə daha çox yer verilməlidir, üstünlük verilməlidir. Yəni dövlət qurumlarında ən savadlı, ən peşəkar, ən bilikli və təcrübəli insanlar işləməlidir, gənclər də görsün ki, onlara bu diqqət və qayğı var, onlar da bu diqqət və qayğıya görə öz töhfələrini ölkəmizə verməyə çalışsınlar", - deyə Ceyhun Məmmədov vurğuladı.

Həmidə İBRAHİMLİ