"Müəllimləri cəmiyyət də hədəfə götürsün, təhsil naziri də?" - Ekspertdən ETİRAZ

 10:19 08.07.2023     3313

Elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə çıxışında bildirib ki, müəyyən faiz müəllim savadsızdır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, bu cür ifadə elm və təhsil nazirinə yaraşmır.

Onun fikrincə, Elm və Təhsil Nazirliyinin əsas missiyası təhsil islahatları aparmaq, beynəlxalq təhsilə inteqrasiya, uğurlu təhsil siyasətlərindən istifadə olmalıdır, müəllimi təhqir etmək yox:

"Müəllimləri cəmiyyət də hədəfə götürsün, elm və təhsil naziri də? Bu zaman təhsilə kimin hörməti qalar? Müəllim həm də ona görə hörmətsizdir ki, onun şagirdinin hədəfi müəllim olmaq deyil. Çünki baxırlar müəllim 300-500 manat məvacib alır, lakin bloggerlər, tik-tokerlər, şou nümayəndələri və s. təhsildən və elmdən uzaq şəxslər müəllimdən dəfələrlə artıq maaş alır, tətillərdə, istirahətlərdə xoş həyat keçirir. Kim xoşbəxt olmağı kənara qoyub, muzdlu qul - müəllim kimi fəaliyyət göstərmək istəyəcək ki? Müəllim zəifdirsə, onu necə işə götürüblər? Nazir hansı meyarlar əsasında müəllimlərin savad gücünü ölçür, görəsən? Cəmiyyətin az-çox savadlı, ziyalı təbəqəsi varsa, o da müəllimdir. Savadsız həkimlərdən, savadsız məmurlardan, vəkillərdən, TV aparıcılarından, hakimlərdən niyə danışılmır, bəs? Bu necə bir təhsil sistemidir ki, müəllimlik diplomu almaq üçün bir imtahan götürülür, müəllim işə qəbulu üçün başqa imtahan götürülür, sertifikasiyası üçün də yenə bir imtahan? Bu, bir-birinə bağlı imtahanlar absurd deyil?"

V.Ağabəyli onu da qeyd etdi ki, müəllimi bu vəziyyətə salan da bu təhsil sistemidir.

"İxtisasını zəif bilən müəllimə diplom verilib, MİQ imtahanı təşkil olunub və ya olunmadan işə götürülübsə, günahı təhsil sistemində görməliyik. İlk növbədə, müəllimin motivasiyasını artırmaq lazımdır, zəifdirsə, təhqir edib cəmiyyətin hədəfinə çevirmək yox, təlimlərə, kurslara, ixtisasartırmalara cəlb etmək lazımdır. Əksər uğurlu xarici ölkələrdə müəllimləri ixtisasları üzrə təkmilləşdirmək məqsədilə xarici səfərlərə dövlət hesabına ezam edirlər. Bizdə ən azından, zəif nəzərdə tutduqları müəllimlərə təlimlər təşkil etsinlər", - deyə ekspert bildirdi.

Həmidə İBRAHİMLİ