"Elm və təhsil naziri desin görək, bu tələbələr hansı universitetləri bitiriblər?" - Deputat

 15:59 10.07.2023     1780

Xəbər verdiyimiz kimi, deputat Vüqar Bayramov müəllimlərin sertifikasiya imtahanında aşağı bal toplayan müəllimlər haqqında maraqlı təkliflə çıxış edib.

Onun fikrincə, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməlidir.

Maraqlıdır, V.Bayramovun bu təklifi necə qiymətləndirilir? Bu cür addımın atılması mümkündürmü?

Mövzu ilə bağlı Milli Məclisin Elm və təshil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

Deputat bildirdi ki, həmkarının fikrini tam dəstəkləyir:

“Elm və Təhsil Nazirliyi müəyyən məlumatlar verir ki, neçə müəllim hansı sözü yaza bilmir və ya neçəsi çubuqlu bölməni edə bilmir. Əgər biz bütün acı həqiqətləri demək istəyiriksə, onda elm və təhsil naziri desin görək, bu tələbələr hansı universitetləri bitiriblər və bu universitetlər də utansınlar, bundan nəticə çıxarsınlar. Yoxsa biz ümumi danışdıqca bu proses eyni qaydada davam edir. Madam ki, Elm və Təhsil Nazirliyi bütün həqiqətlərin üzərinə gedir, bütün məsələləri açıqlayırsa, universitetləri də açıqlasın. Ölkə ictimaiyyəti və cəmiyyəti də bilsin ki, bunlar hansı universitetlərdir".

Millət vəkili özünün Milli Məclisdə də qaldırdığı prroblemə də toxundu.

"Biz bir tərəfdən universitetlərdən tələbələri məzun edirik, diplom veririk, təkrar onları sertifikasiyaya cəlb edirik. İndi nazirliyin yanaşması odur ki, bu yolla onlar təmizləmə aparırlar, amma hesab edirəm, bu prosesə paralel olaraq da universitetlərdə təhsilin keyfiyyəti və məzmunu qaldırılmalıdır. Yəni biz bir dəfə bu tələbələrə təhsil veririk, ikinci dəfə sertifikasiya cəlb edirik. Bizim həm vaxtımız gedir, həm enerjimiz gedir, həm də dövlətin vəsaiti gedir. Artıq elə bir sistem qurmalıyıq ki, universitetlər məktəblərimiz üçün sağlam, bilikli kadrlar yetişdirsin və onların da təzədən sertifikasiyaya cəlb olunmasına ehtiyac olmasın. Artıq o mərhələyə gəlməliyik ki, universitetlər normal, bilikli, savadlı mütəxəssislər yetişdirə bilsinlər. Ona görə də düşünürəm ki, mütləq məlumatlar verilməlidir və həmin universitetlər də nəticə çıxartmalıdırlar ki, onlar gələcəkdə belə məzun buraxmasınlar və Azərbaycan cəmiyyətinə təqdim etməsinlər. Bu, olduqca önəmli bir məsələdir", - deyə Ceyhun Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ