Müəllim kimi işə qəbulun imtahanla keçirilməsinin səbəbi açıqlandı

 15:21 10.07.2023     368

Müsabiqənin keçirildiyi ilk illərində MİQ üzrə elektron müraciətlərin sayı 10 min nəfər idisə, son iki ildə electron müraciətlərin sayı 60 mindən çoxdur. Bu il elektron müraciət edənlərin sayı 57 mindən çoxdur.

Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.

Onun sözlərinə görə, I qrup üzrə ən çox müraciət olunan ixtisas riyaziyyat, III ixtisas qrupu üzrə tarix müəllimliyi olub:

"Ötən il sertifikasiya imtahanında 51-60 bal arasında nəticə göstərənlərin 70 faizi MİQ-dən keçən müəllimlər olub. Regionlara getmək istəyən müəllimlərin sayı ildən-ilə artır. Namizədlər əsasən, Bakı, Sumqayıt, Abşeronu seçsə, bu, fənnə, bölgəyə müvafiq olaraq dəyişə bilir. Əvvəlki illərlə müqayisədə şəhərə üstünlük verən müəllimlərlə Bakı, Sumqayıt, Abşeronda işləməyə üstünlük verənlər arasındakı fərq ildən-ilə azalır və artıq kəskin fərq müşahidə edilmir”.

Müəllimlərin niyə imtahanla seçilməsi məsələsinə gəldikdə isə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib ki, məqsəd ən yaxşıları seçməkdir:

“Müəllim olmaq istəyən hər kəs diplom əldə edir. Sadəcə bu gün məktəblərə o müəllimlər lazımdır ki, XXI əsrdə yaşaya, ayaq üstə dayana biləcək, peşəsini layiqincə qiymətləndirib şagirdin gələcəyi üçün çalışa biləcək müəllimi seçməkdir”.

O qeyd edib ki, əvvəllər MİQ imtahanının vaxtı 120 dəqiqə idi, indi isə 150 dəqiqədir (apa).