Nazirlik lisey və gimnaziyalara qəbulun nəticələrini niyə açıq şəkildə dərc etmir? - AÇIQLAMA

 16:29 10.07.2023     1565

Lisey və gimnaziyalara qəbul üçün keçirilən imtahanların nəticələri ictimaiyyətə açıq şəkildə təqdim olunmur. Valideynlər isə bu haldan narazıdırlar.

Bildiyimiz kimi, ali təhsil müəssisələrinə qəbulun nəticələri, yəni imtahanda iştirak edənlərin adları və topladığı ballar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən "Abituriyent" jurnalında dərc olunur. Valideynlər lisey və gimnaziyalara nəticələrin də bu cür açıqlanmasını istəyir.

Bu hal mümkündürmü? Nə üçün nəticələr bu cür elan olunmur?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a danışdı.

Ekspert bildirdi ki, Elm və Təhsil Nazirliyi artıq bir neçə ildir ki, liseylərə qəbulu mərkəzləşmiş qaydada həyata keçirir və proses elektron olaraq həyata keçirilir:

“Müvafiq portalda valideynlər şəxsi kabinet yaradırlar və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçirlər. Sonra həmin portaldan buraxılış vərəqəsini çap edib imtahana gedirlər. Bu imtahanların hər biri ödənişsizdir, nəticələr də elektron qaydada hər kəsin şəxsi kabinetinə gəlir. Yəni imtahandan sonra şagirdlər topladıqları ballara uyğun liseylər və gimnaziyaları seçirlər və yekunda həmin gimnaziya üzrə formalaşmış son bal keçid balı olaraq qeyd olunur. Təbii ki, yaxşı olar ki, həmin lisey və gimnaziyalara qəbul olunmuş şəxslərin bütün adları və balları siyahı şəklində qeyd olunsun. Ən azından adları gizlədilmiş şəkildə toplanan ballar pdf formatda elektron resurslarda göstərilsə, daha yaxşı olar. Məsələn, bu il gördük ki, 5-6 və 7-ci siniflərdə 38-40 balla qəbul ola bilməyən bizim şagirdlərimiz kənarda qalıblar. Tam olaraq qəbul olunan siyahı, yəni nəticələr elektron formatda yerləşdirilsə, hesab edirəm ki, valideynlərin narazılıqları olmaz".

Humay İSGƏNDƏRLİ