"Emin Əmrullayevin dediyi nə tədqiqata söykənən fikirdir, nə də ki..." Ekspertdən AÇIQLAMA

 17:37 10.07.2023     1427

Bir neçə gün əvvəl Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı keçirilmiş tədbirdə elm və təhsil naziri Emin Əmrullayevin bir çıxışı cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Belə ki, nazir çıxışında söyləyib ki, Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin 60 faizi oxuduğunu başa düşmür.

"Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır", - deyə nazir vurğulayıb.

Maraqlıdır, elm və təhsil naziri hansı konteksdən çıxış edərək bu fikirləri söyləyir?

Bununla bağlı təhsil ekspert Kamran Əsədov Redaktor.az-a danışdı.

Ekspert bildirdi ki, nazir ifadəni düzgüb işlətməyib.

“O, imtahan iştirakçıları arasında bunu nəzərdə tutmaq istəyib. Çünki Elm və Təhsil Nazirliyinin elə bir datası, elə bir tədqiqatı yoxdur ki, ölkədə 25 yaşdan yuxarı əhalinin hamısını yoxlayıb ölçə bilsin. Çünki  orta təhsil məktəblərimizdə şagirdlər 17 yaşında məktəbi bitirirlər. Müəllimlər işə qəbul imtahanında da hər il  7-8 min nəfər işə qəbul olunur, onlar arasında yaşı 25-dən yuxarı olanlar ümumi 4-5 min nəfər deyil. Hər hansı bir kiçik datadan bütün ölkə əhalisini statistikaya əlavə etmək olmaz. Yəni bu informasiya termin olaraq doğru deyil və hər hansı tədqiqata söykənmir. Sadəcə olaraq Elm və Təhsil Nazirliyi bunu sertifikasiyada iştirak edənlər arasında yaşı 25-dən yuxarı olanları nəzərdə tutub. Bunun özü də yanlışdır. Çünki Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanlarında istifadə olunmuş suallar oxuma, anlama bacarıqlarını yoxlayıb, ölçmür, digər bilik və bacarıqları yoxlayır. Yəni insanların oxuma, anlama bacarıqlarının yoxlanılması üçün təqdim edilən test tapşırıqları tamam fərqlidir. Hətta sertifikasiya imtahanın mahiyyəti də tamamilə fərqlidir, suallar əzbərləyici , faktoloji, terminoloji suallar idi. Yəni nazirin dediyi nə tədqiqata söykənən fikirdir, nə də ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanı ilə müəyyənləşdirmək mümkündür. Yəni bu ifadə yanlışdır", - deyə K.Əsədov bildirdi.

Humay İSGƏNDƏRLİ