"Dərs verə bilməyən, sertifikasiyadan keçməyən müəllimlər məktəbdə olmamalıdır" - Musa Qasımlı

 17:56 10.07.2023     2293

“Məktəbimiz saxta diplomlu müəllimlərdən xilas olmalıdır”.

Bunu Redaktor.az-a müəllimlərin sertifikasiya imtahanında az bal toplaması haqqında danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı söylədi.

Onun sözlərinə görə, bu gün ölkəmizdə mütləq əksəriyyətin fikri bundan ibarətdir ki, təhsil sistemimizi sağlamlaşdırmalıyıq.

“Əgər təhsilimizi sağlamlaşdırmasaq, o zaman keyfiyyətli təhsildən söz gedə bilməz. Təhsildə başlıca rolu müəllim oynayır. Məktəbimiz saxta diplomlu müəllimlərdən xilas olmalıdır. İbtidai sinif müəllimi əgər özü düzgün yaza bilmirsə, şagirdə düzgün yazmağı necə öyrədə bilər? Biz çalışmalıyıq ki, dərs verə bilməyən, sertifikasiyadan keçməyən müəllimlər məktəbdə olmasınlar. Bu gün ölkəmizdə çox nümunəvi liseylər var. Orada həm gözəl mühit, həm də yaxşı müəllimlərimiz mövcuddur. Ona görə də təhsilimizin sağlamlaşdırılması istiqamətində atılan bütün addımları mən bəyənirəm", - deyə M.Qasımlı qeyd etdi.

Humay İSGƏNDƏRLİ