"Bu millətin yarıdan çoxunu necə savadsız adlandırmaq olar?" - Təhsil ekspertindən nazirə ETİRAZ

 12:46 11.07.2023     1620

Bir neçə gün əvvəl Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı keçirilmiş tədbirdə elm və təhsil naziri Emin Əmrullayevin bir çıxışı cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Belə ki, nazir çıxışında söyləyib ki, Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin 60 faizi oxuduğunu başa düşmür.

"Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır", - deyə nazir vurğulayıb.

Maraqlıdır, elm və təhsil naziri hansı konteksdən çıxış edərək bu fikirləri söyləyir?

Məsələ ilə bağlı təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli Redaktor.az-a danışdı.

Ekspert sözlərinə görə, o, həqiqətən də, anlaya bilmir ki, elm və təhsil nazirini əsas hədəflərdən, təhsil islahatlarından niyə yayınır:

"Əvvəlki çıxışında müəllimlərin əksəriyyətini savadsız hesab etdi, indi isə cəmiyyətə qarşı yanlış ifadə işlədir. Ümumiyyətlə, yaşı 25-dən yuxarı olan əhalənin savad və oxuyub anlama səviyyəsini hansı meyarlar əsasında ölçmək mümkündür? Praktikada belə bir prosedur qaydası, göstəricilər var görəsən, həm də belə qısa müddətə ölçsün? Oxuyub anlamadığından, savadsızlığındandır ki, bu millətin orta məktəbi bitirən hər bir abituriyenti valideynlərinin də dəstəyi ilə ali təhsil almağa can atır? Bu millətin yarıdan çoxunu necə savadsız adlandırmaq olar, həm də elm və təhsil naziri olaraq bu cür ifadələri işlətmək? Bir çox xarici ölkələrdə bacarıqlı kadrlar, həkimlər, vəkillər, jurnalistlər, professorlar, tədqiqatçılar var ki, azərbaycanlıdır. Əksinə, bu millət çox bacarıqlı, səriştəli, yeniliklərə açıq, iti zəkalı və ən əsası da, işgüzar millətdir. Az əmək haqqı ilə çox işlər görən, zəhmətkeş və əqli cəhətdən ayıq olan bu millətin 60 faizini savadsız adlandırmaq nə deməkdir?"

V.Ağabəyli qeyd etdi ki, oxuduğunu anlamayan, səriştəsiz, savadsız olanlar da yox deyil, lakin onların əksəriyyəti vəzifələrdə, kreslolarda və idarəedici mövqelərdədir.

"İradı da, tənqidi də məhz onlara yönəltmək lazımdır. Dəfələrlə deyirik, elmi işindən xəbəri olmadan müdafiə edənlər, nəinki oxuduğunu, dəfələrlə izah olunduğunu anlamayan kadrlar söz sahibidirsə, inkişaf ümidverici deyil. Emin Əmrullayev yeni təyin olunanda çox sevindik, həm gəncdir, həm də beynəlxalq təcrübəsi var və ən əsası, səmimidir, xalqa açıqdır. Lakin biz Emin müəllimdən ciddi şəkildə təhsil islahatları gözləyirik. Bəli, ola bilər ki, birdən-birə çətindir hər şeyi yeniləmək, ancaq bayağı söhbətlərin, ölkənin ziyalı ordusunu təhqir etməyin yeri yoxdur. Təhsil inkişafı ilə bağlı təkliflər verilsin, müzakirəyə çıxarılsın, müəllimlərin təkmilləşməsi ilə bağlı təlim layihələri işlənsin, düzgün kadr islahatları aparılsın. O zaman, üfüqdə inkişaf işığı görünə bilər", - deyə ekspert bildirdi.

Humay İSGƏNDƏRLİ