"Kamran Əsədovun fikirlərini ciddi qəbul etmirəm" - Günel Səfərova

 17:18 12.07.2023     1453

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclası keçirilib.

İclas zamanı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi votsap yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımları məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif edib, lakin bu təklif gündəliyə salınmadığı üçün Etibar Əliyev İctimai Şuranın üzvlüyündən istefa verib.

Bundan sonra təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında Etibar Əliyevə dəstək nümayiş etdirirək aşağıdakı postu yazıb:

“Azərbaycanda təhsil eksperti institutunu yaradan, formalaşdıran Etibar Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən Şuranın fəaliyyətindəki qeyri şəffaflığa görə istefa verib. Bu, bir daha sübut edir ki, Təhsil Nazirliyi yanında İctimai Şura təhsilin inkişafına maneədir. Belə ki, onlar çatışmazlıqları gizlədir və ancaq tərif ilə məşğul olurlar. Beləliklə, onlar Etibar müəllim kimi təhsil bilicisinin bilik və bacarıqlarını düzgün istifadə edə bilmədilər. Mənim yadımda Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti rayonların birində ayaqyolu ilə bağlı problemin həllinə nail olması ilə qalıb. Etibar müəllimə obyektiv mövqeyinə görə təşəkkür edirəm. Əslində bütün İctimai Şura buraxılmalıdır".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Redaktor.az-a açıqlama verdi.

Sədr vurğuladı ki, "İctimai iştirakçılıq haqqında" Qanuna görə həm İctimai Şuraya üzv olmaq, həm də İctimai Şuradan çıxmaq şəxsin öz könüllü hüququdur.

“Əvvəlki tərkibdə də olub, Etibar müəllim indiki tərkibdə təkrar seçilmişdi. Amma bu onun hüququdur ki, İctimai Şuraya üzv olsun və yaxud İctimai Şuradan çıxsın. Qaldı ki, Kamran Əsədovun fikirlərinə, Kamran Əsədovun öz şəxsi fikridir, ümumiyyətlə təhsillə bağlı başqa-başqa fikirlər səsləndirir. Yəni özünün düşüncələrini feysbukda yazır. Biz onu qadağan eləyə bilmərik. Mən düşünürəm ki, bu günə kimi bizim ictimai şuramız həm beynəlxalq təşkilatlardan, həm yerli bir çox qeyri-hökumət təşkilatlarından yeganə təqdir edilən və bununla da bağlı təltifnamə alan İctimai Şuradır. Bu, Kamranın öz şəxsi fikirləridir, mən onunla bağlı heç nə deyə bilmərəm. Amma İctimai Şuranın fəaliyyəti göz qabağındadır. Feysbuk profillərimizin izlənilməsi kifayətdir hər şeyi görməyə. Mənə elə gəlir ki, danışmaqdan çox iş görmək lazımdır. Konkret işləmək lazımdır və danışmaq çox asandır, amma iş görmək çətindir. Bu fikirləri ciddi qəbul etmədiyimə görə də, hər hansı bir ciddi fikir də bildirə bilməyəcəm”, - deyə Günel Səfərova bildirdi.

Humay İSGƏNDƏRLİ