"Kurikulumdan təqdim edilən suallar yaxşı müəllimi seçməyə imkan vermir" - Kamran Əsədov

 17:54 12.07.2023     1368

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulunun 11-dən başlanılıb. Bu gün isə müsabiqənin ikinci günü idi.

Maraqlıdır, suallar arasında ötən illə müqayisədə fərq müşahidə olunurmu?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, kurikulum sualları bu il çətin səviyyədə düşüb:

“Artıq bir neçə gündür ki, müəllimlərin işə qəbul imtahanı başlayıb. Ümumiyyətlə prosesi izah edim ki, 2009-cu ildən etibarən orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbul imtahanı keçirilir və 2013-cü ildən bu proses daha fərqli və müsbət istiqamətdə həyata keçirilib. Bu il kurikulum fənnindən təqdim edilmiş test tapşırıqları qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan vermir. Çünki biz deyirik ki, yaddaş məktəbindən təfəkkür məktəbinə keçirik. Amma imtahandakı suallar daha çox imtahan iştirakçılarının yaddaşını yoxlayır. Kim daha çox əzbərləmək qabiliyyətinə malikdirsə, həmin suallara cavab verə bilər. Bu da doğru yanaşma tərzi deyil, çünki qarşıya qoyulmuş məqsəd bu deyil".

K.Əsədovun fikrincə, daha yaxşı nəticələrin əldə edilməsi üçün mütləq şəkildə biz məzmun standartlarını yoxlamalıyıq.

"Yəni, bu il təqdim edilən suallar arasında kurikulum fənnindən suallar ciddi şəkildə problemə səbəb olub. Hətta maraqlı tərəfi ondan ibarətdir ki, ixtisasdan yüksək bal toplayanlar kurikulum suallarına zəif cavab veriblər. Ümumiyyətlə, kurikulumdan təqdim edilən suallar yaxşı müəllimi seçməyə birmənalı şəkildə imkan vermir”, - deyə ekspert vurğulayıb.

Humay İSGƏNDƏRLİ