Mustafa Babanlının vəzifəsi ona həvalə olundu

 17:31 13.07.2023     531

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.

Bu barədə Redaktor.az-a ADNSU-dan məlumat verilib.

Belə ki, ADNSU-da Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub. Elm və Təhsil Nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.

Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004–2007-ci illərdə Fransanın Marc Bloch Universitetində 2 magistr, 2007–2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona Strasburq Universitetinin doktoru elmi dərəcəsi verilib.

Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov Azərbaycan diasporunun fəallarından biri kimi tanınıb. 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasının (ASEAF/FATA) sədri, həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olub.

Əmək fəaliyyətinə 2001-2003-cü illərdə yerli və beynəlxalq şirkətlərdə çalışmaqla başlayan Vazeh Əskərov Fransada təhsil aldığı 2003-2013-cü illərdə akademik fəaliyyətlə məşğul olub. 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-2023-cü illərdə UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.

Vazeh Əskərov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.