"Sertifikasiya suallarını hazırlayanların 90 faizinin təhsildən xəbəri yoxdur" - Keçmiş təhsil naziri

 17:17 14.07.2023     1102

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulunun 11-dən başlanılıb. Bu gün isə müsabiqənin dördüncü günü idi.

Artıq bir neçə ildir ki, MİQ üzrə imtahanlar keçirilir. Hər il müşahidə olunan bir tendensiya var. Bu isə imtahan dövrü ərzində təhsil sistemindəki şəxslərin mübahisəsi, fərqli fikirlərin olmasıdır. Yəni imtahan ərəfəsində təhsil camiyəsi bir-birinə qarışır.

Maraqlıdır sertifikatlaşdırma imtahanları nə üçün səs-küyə səbəb olur?

Məsələ ilə bağlı keçmiş təhsil naziri Firudin Cəlilov Redaktor.az-danışdı.

O, bildirdi ki, 30 ildir təhsildən ayrılıb və bu mətbəxdən xəbəri yoxdur.

“Bu imtahanlardan xəbərim yoxdur, ona görə durub ona fikir bildirmək mənim üçün bir az düzgün alınmaz. Amma mən bir şeyi bilirəm ki, təhsil sistemində, ancaq müəllim problemi gündəmdədir. Bunu həm iqtidar, həm müxalifət, həm də ekspertlər edir. Təhsilin müəllimdən başqa problemi yoxdurmu? Təhsilin o qədər problemləri var ki, bunların hamısını kənara qoyub müəllim imtahandan keçəcək-keçmiyəcək məsələsini gündəmə gətirib, əsas məsələdən yayınırlar. Bu dediklərim ümumi münasibətdir. Mən təhsildən çoxdan uzaqlaşdığım üçün bəzi şeylərdə obyektiv olmaya bilərəm, çünki məsələnin içində deyiləm. Amma ordan-burdan da mənə gəlib çatır o sualları tərtib edənlər “yuxarıdan” tapşırıq alırlar, bu tapşırıq əsasında sualları tərtib edirlər. Məsələn, Lənkərandan zəng edib deyirlər ki, “sulal düşmüşdü, təhsil nazirlərinin adları seçilməli idi, amma sizin adınız yox idi”. Mən də deyirəm ki, fikir verməyin. Bu indiki məmurlar ancaq siyasətlə təhsilə baxırlar, təhsillə bunların əlaqəsi yoxdur. Bunu ona görə dedim ki, yeni dərslikləri hazırlayan, sertifikatlaşdırma suallarını hazırlayan, bütün məsələlərdə rol oynayanların 90 faizinin təhsildən xəbəri yoxdur", - deyə F.Cəlilov qeyd etdi.

Humay İSGƏNDƏRLİ