Bu gün həmin gənclər böyük vəzifələrdədir - Məleykə Abbaszadə

 11:37 15.07.2023     461

Bu gün burada ən yüksək nəticə göstərən gənclər finala çatıb. Bu, qəbul imtahanlarında göstərdiyiniz yüksək nəticələrin göstəricisi, yüksəlişin bünövrəsidir. Bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunur. O, dahi insan idi.

Redaktor.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində söyləyib.

“Çox istərdim ki, 20 il sonra sizin nə dərəcədə uğur qazanacağınızı görmək şansımız olsun. Heydər Əliyev 2001-2002-cu illərdə qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərlə görüşmüşdü. Artıq 20 il ötüb və biz bu il o insanlarla təkrar görüşdük, müsahibə aldıq. Hər birinizə o müsahibələri izləməyi tövsiyə edirəm. Hər müsahibə bir təcrübə, həyat yoludur. Ulu Öndərin həmin görüşdə səsləndirdiyi fikirləri indi də aktualdır. O, daim Azərbaycan gəncliyi haqqında fikirləşirdi. Bu gün həmin gənclər böyük vəzifələrdədir, öz sahələrində sözlərini deyən şəxsiyyətə çevriliblər. Siz müstəqillik dövründə formalaşan mütəxəssisiniz. Prezident İlham Əliyev Ulu Öndərin yolunu davam etdirir və gənclər üçün bütün imkanlar ölkəmizdə mövcuddur. İstəmək və bacarmaq feillərini birləşdirən düstur əmək və bilikdir. Bu düsturu hər kəs özü yazır. O düsturu yazmaq üçün əsas açar bilik və elmdir. Hər birinizə uğurlar arzulayıram”, -deyə DİM rəhbəri bildirib.