"Nazirlik bacara bilmirsə, MİQ imtahanını da Dövlət İmtahan Mərkəzi keçirsin" - TƏKLİF

 17:56 18.07.2023     3966

İyulun 14-ü keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) imtahanından müəllimlərin böyük əksəriyyəti narazıdır. Onlar sualların və cavabların çətinlik səviyyəsindən narazıdır. Azərbaycan dili və ədəbiyyat müəllimliyinə imtahan verən həmin şəxslər imtahanların yenidən keçirilməsini tələb edirlər. Bundan başqa, narazılar MİQ imtahanlarının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsini təklif edirlər.

Maraqlıdır, imtahanlar yenidən təşkil oluna bilərmi? MİQ imtahanlarının Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməsi mümkündürmü?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, bu il 58 minə yaxın müəllimin imtahanlarda iştirakı gözlənilirdi:

“14 iyul tarixinə qədər hər şey tam qaydasında idi. 14 iyul tarixində müəyyən problemlərin olduğunu bildirdilər və əsasən də Təhsil İnsitutunun çərçivəsindən kənar sulların olduğu söylənilir. Eyni zamanda bəzi sualların çətinlik səviyyəsinin daha çox olması və düşünməyə vaxtın getməsi bu narazılığa əsas gətirilir. Nəticə etibarilə də yüksək bal toplayan müəllimlərin azlığı önə çıxarılır. Təbii ki, imtahan suallarında hər hansı bir nöqsan, hər hansı bir texniki və yaxud elmi səhvlər varsa, buna həmin imtahanı keçirən müvafiq qurum baxmalıdır. Elə səhvlərin olduğu halda iştirakçıların xeyrinə müvafiq olaraq bal artımı etməlidir, həmin sualı səhv götürməlidir. Yox, əgər sualların çətinlik səviyyəsi müəllimlərin vaxtlarına təsir edibsə, bu prosesə də baxılmalıdır. Apellyasiya Komissiyası məhz bu kimi hallar araşdırılmalı və yenə imtahan verən namizədlərin xeyrinə qərar qəbul etməlidir. Ümumiyyətlə isə imtahan keçirilirsə, bu imtahan keçirilmədən öncə hansı mövzular üzrə sualların olacağı öncədən elan olunmalıdır. Necə ki, bunu Dövlət İmtahan Mərkəzi ali məktəblərə keçirilən qəbul imtahanı zamanı proqramlarını təqdim edir, düşünürəm ki, Elm və Təhsil Nazirliyi imtahan keçirirsə, proqramı açıq şəkildə bildirməlidir. Çünki belə bildirmə halları olmadığı zaman müəyyən işbazlar bu imtahanlardan maksimal dərəcədə faydalanırlar. Hərə öz ağlına gələn kitabını çap edir ki, suallar burdan düşəcək”.

E.Əfəndi hesab edir ki, bu kimi halların olmaması üçün Elm və Təhsil Nazirliyi müəyyən təqdimatını öncədən etməlidir.

"Yox, əgər bunu edə bilmirsə, bacara bilmirsə müəllimlərim işə qəbul imtahanını da artıq aidiyyəti quruma - DİM-ə yönəltmək daha doğru olar. Ən azından Elm və Təhsil Nazirliyi ilə konkret təcrübələr bölüşdürülə bilər ki, belə hallar yaşanmasın",-deyə ekspert vurğuladı.

Humay İSGƏNDƏRLİ