"İmtahan verən müəllimlərin taleyi ilə oynamaq hansı məntiqə sığır?" - Ekspertdən ETİRAZ

 11:55 20.07.2023     2003

İyulun 14-ü keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) imtahanından müəllimlərin böyük əksəriyyəti narazıdır. Onlar sualların və cavabların çətinlik səviyyəsindən narazıdır. Azərbaycan dili və ədəbiyyat müəllimliyinə imtahan verən həmin şəxslər imtahanların yenidən keçirilməsini tələb edirlər. Bundan başqa, narazılar MİQ imtahanlarının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsini təklif edirlər.

Maraqlıdır, imtahanlar yenidən təşkil oluna bilərmi? MİQ imtahanlarının Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməsi mümkündürmü?

Məsələ ilə bağlı təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli Redaktor.az -a danışdı.

Ekspert söylədi ki, Azərbaycan dili fənni üzrə sualların səviyyəsi bütün imtahanlarda çətinləşdirilir:

“Ümumiyyətlə, fikir verirsizsə son dövrlər Azərbaycan dili fənnindən istər buraxılış sinifləri, istər abituriyentlər üçün, istərsə də MİQ imtahanları üçün sualları getdikcə çox qəlizləşdirirlər. Qəbul imtahanlarının nəticələrinə əsasən isə, xarici dil müəllimliyinin keçid balı yüksək, Azərbaycan dili müəllimliyi ixtisasının isə keçid balı aşağı olur. Bu nüans özü, öz ölkəmizdə Azərbaycan dilinə hörmətsiz yanaşma və dili gözdən salmaq kimi qiymətləndirilə bilər. 14 iyulda təşkil olunan MİQ imtahanlarından sonra kütləvi şəkildə müəllimlərin şikayətləri oldu. Araşdırıldı ki, yalnız bircə sual səhv imiş. Belə çıxır ki, bütün Azərbaycan dili müəllimliyi ixtisası üzrə imtahan verənlərdə problem var? Bu absurddur. Bəzi nümunələr sosial şəbəkələrdə paylaşıldı, dəfələrlə oxusaq da, cümlələrin mənası olmayan tapşırıqlar var idi. Bəs müəllimləri sertifikasiya edən Elm və Təhsil Nazirliyi hansı "filtr"dən keçirdib test tapşırıqları hazırlayanları? Əgər bu ixtisas üzrə vakansiya yoxdursa, o zaman qəbulu azaltsınlar, imtahan verən müəllimlərin taleyi ilə oynamaq hansı məntiqə sığır?”

V.Ağabəyli vurğuladı ki, MİQ imtahanlarının Dövlət İmtahan Mərkəzinə verilməsi məsələsi ilə qismən razıdır:

“Ümumiyyətlə, bu məsələni dəfələrlə deyirəm, hansı qurumun imtahan keçirməsindən asılı olmayaraq, məqsəd eyni olmalıdır. Yəni, keyfiyyətli təhsil. Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birlikdə sistemli şəkildə fəaliyyət göstərməlidir. Eyni istiqamət üçün çalışan hər iki qurumun fəaliyyəti bir-birindən xəbərsiz şaxələnirsə, aralarında qeyri-peşəkar münasibət varsa, o zaman bu cür boşluqlar illərlə də təmin olunmayacaq.”

Humay İSGƏNDƏRLİ