Qazimiz ABŞ-ın nüfuzlu universitetindən qəbul aldı

 14:15 20.07.2023     249

Bir neçə gün öncə Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub.

Redaktor.az xəbər verir ki, müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gənclər arasında Vətən müharibəsinin qazisi Əliyev Cavid də var. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.

Cavid Əliyev ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması (Supply Chain Management) ixtisasına magistratura səviyyəsinə qəbul olunub. O, həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST universitetində elekrtik mühəndisliyi (Electrical Engineering) və texnologiya menecmenti (Technology Management) ixtisasları üzrə iki magistratura bitirib.