"Bunlar ancaq öz maddi maraqlarına uyğun imtahan keçirirlər” - Ekspertdən Təhsil Nazirliyinə SƏRT SÖZLƏR

 17:38 21.07.2023     1867

Ötən gün bir neçə fənn üzrə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarına dair apellyasiya müraciətlərinin təhlili başa çatıb.

Bildirilib ki, tarix, biologiya, texnologiya və təsviri incəsənət fənləri üzrə aparılmış təhlillərə əsasən, imtahan nəticələri yenidən hesablanıb.

Qeyd edək ki, Azərbaycan dili fənni üzrə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarından narazılıq var idi.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanları kifayət qədər qüsurlarla yadda qaldı:

“Baxmayaraq ki, imtahanlarda şəffaflığın təmin olunduğu deyilir, amma birmənalı şəkildə şəffaflıq təmin olunmayıbdır. Son üç il ərzində Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda kifayət qədər ciddi qüsurlar, pozuntular var. Birinci təbii ki, suallarda elmi səhvlər idi, yəni imtahan iştirakçılarına təqdim edilmiş test tapşırıqları ciddi elmi səhvlərlə müşahidə olunurdu. İkincisi, redaktə xarakterli texniki səhvlər və çərçivəyə uyğun olmayan suallar idi. Digər tərəfdən, ibtidai siniflərə texnologiyadan suallar salınmışdı, amma ibtidai sinif müəllimləri texnologiyadan dərs demirlər. Azərbaycan dilindən səhv sual var idi. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyinin test keçirmək bacarığı yoxdur. Ümumiyyətlə, Elm və Təhsil Nazirliyi MİQ imtahanlarına qeyri-ciddi yanaşır. Hətta Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin rəsmi sosial şəbəkə hesabında paylaşımları başdan ayağa səhvlər, qüsurlarla müşahidə olunur. İmtahan iştirakçılarının çox təəssüf ki, çoxsaylı şikayətləri nəzərə alınmadı. Əsaslandırılmış faktlar var idi ki, suallar səhvdir. Şikayətlərə heç ümumiyyətlə qulaq asan olmadı. Ümumiyyətlə, imtahanların təşkili qeyri-şəffaf idi, yoxlanılma qeyri-şəffaf idi. Təəssüf ki, bu yolla biz orta məktəblərimizdə yaxşı müəllim seçə bilməyəcəyik. Yəni 100 baldan 40 bal nisbətlə müəllim seçmək onu göstərir ki, bunlar yaxşı müəllim seçmək istəmirlər. Bunlar ancaq öz maddi maraqlarına uyğun imtahan keçirirlər”.

Humay İSGƏNDƏRLİ