İmtahanda ən yüksək nəticəni göstərənlər

 19:55 21.07.2023     576

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (396.2 bal) Bakı şəhər 270 saylı orta məktəbin məzunu göstərib.

Bu barədə Redaktor.az-a DİM-dən bildirilib. Qeyd edilib ki, II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhər 24 saylı orta məktəbin məzununa məxsusdur.

O, imtahanın ikinci mərhələsində 394 bal, birinci mərhələsində isə 292.4 bal toplayıb. Beləliklə, II ixtisas qrupu üzrə ən yüksək nəticə 686.4 baldır.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni (390.9 bal) Yardımlı rayon Çayüzü kənd orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Saatlı rayon Varxankənd orta məktəbinin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 385.4 bal, birinci mərhələsində isə 289.8 bal toplayıb. Beləliklə, III ixtisas qrupu üzrə ən yüksək nəticə 675.2 baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.