"Müharibə veteranlarının pulsuz təhsil alması inqilabi bir addımdır" - Kamran Əsədov

 16:37 28.07.2023     689

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Qeyd edək ki, dövlət başçısının bu qərarı cəmiyyət tərəfindən xoş qarşılandı.

Təhsil eksperti Kamran Əsədov da Redaktor.az-a açıqlamsında bildirdi ki, bu, olduqca inqilabi bir addımdır.

“Rəqəmlərə baxsaq, görərik ki, bu gün Azərbaycanda ali təhsil kifayət qədər əlçatandır. İlham Əliyevin son sərəncamlarından sonra Azərbaycanda bakalavr pilləsi üzrə pulsuz dövlət sifarişi olan yerlərin sayı 28 mindən artıqdır. Beş il bundan əvvəl bu rəqəm 12 min idi. Həmçinin bu il 60 minə yaxın plan yeri var. Qeyd edim ki, təkcə Azərbaycanın ərazi bütövlüyündə gedən döyüşlərdə şəhid və əlil olan ailələrdən olan uşaqlar, məcburi köçkün statusunda olanlar, birinci, ikinci qrup əlil olanlar da təhsil haqqından azad idi. İndiyə qədər həm ölkədə pulsuz təhsil alanların sayı çoxdur, həm də sosial statusu olan şəxslər var ki, onlar da ödənişsiz təhsil alır. Bilirik ki, hal-hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və onlar arasında təhsilini yarımçıq qoyub ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər var. Prezidentin sərəncamı ilə onlar artıq pulsuz təhsil alacaq. Bu, ali təhsilin əlçatanlığını təmin edəcək. Ali təhsilli insanların sayının çoxalması əmək bazarında ali təhsilli şəxslərin çox olmasına gətirib çıxaracaq, rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasına xidmət edəcək. Bu, olduqca müsbət haldır, xüsusilə yenidir. Ali təhsil əlçatanlığının təmin edilməsi məqsədilə bu sərəncam çox müsbət təsir göstərəcəkdir”, - deyə o, vurğuladı.

Humay İSGƏNDƏRLİ