Kamran Əsədovdan Elm və Təhsil Nazirliyinə ittiham: "Sevgilisinə hədiyyə..."
"Elm və Təhsil Nazirliyi qədər dövlət büdcəsini talayan, yalandan şəffaf özünü göstərib ən böyük maliyyə maxinasiyası edən ikinci qurum yoxdur".
Redaktor.az xəbər verir ki, bunu feysbukda "Müəllim ordusu" qrupunda tanınmış təhsil eksperti Kamran Əsədov yazıb.
O, daha sonra aşağıdakıları qeyd edib:
"Deməli, Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Amma qaliblər siyahısında qalibin nə adı, nə məktəb nömrəsi yoxdur.
Ancaq rayon, şəhər arı yazıb informasiyanı gizlədiblər. Çünki bilirlər ki, keçən ilki kimi gedib yerində araşdırıb onların nə qədər saxtakar olduğunu, əslində qrant qalibi elan olunmuş şəxsin, məktəbin ondan xəbəri olmadığını ortaya çıxaracam.
Elan olunmuş qrant müsabiqəsi şəffaf deyil, böyük əksəriyyət layihələr nazirliyin yaxınları, şəxsi münasibətləri olanlarla verilib.
Qalib elan olunmuş layihələrin böyük əksəriyyətinin təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə aidiyyəti yoxdur.
Daha geniş şəkildə hər bir lahiyə barədə tədqiqat çərçivəsində, qanunvericilik aktlarına uyğun olaraq yazacam və aidiyyəti dövlət orqanlarına təqdim edəcəm.
Bu qrant müsabiqəsi biabırçılıq və təhsil adına ləkədir".
Qeyd edək ki, Kamran Əsədov öz şəxsi feysbuk hesabında "Sevgilinə hədiyyə üzrə VII qrant müsabiqəsinin nəticələri açıqlanıb" qeydini də yazaraq, Elm və Təhsil Naziriliyində hansısa vəzifəli şəxsin öz sevgilisinə qrant ayırdığına işarə edib.
T.İSMAYIL