"Dini dünyagörüşünün şagirdlərə rasional şəkildə çatdırılması, onların cəhalətə yuvarlanmasının qarşısını ala bilər”

 14:47 02.08.2023     1338

Bildiyimiz kimi, cəmiyyətdə zaman-zaman dini fənnin tədris olunması məsələsi müzakirə olunur. Uşaqların dini biliklərlə tanış olması üçün bu fənnin tədrisi təklif olunur. Əsasən də gələcəkdə həmin uşaqların din adı altında müəyyən radikal qruplara qoşulmaması üçün bu fənnin vacibliyi vurğulanır. Bununla bərabər, məktəblərdə dini tədrisin keçirilməsinin əleyhdarları da çoxdur.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Etibar Əliyev Redaktor.az-a danışdı.

Deputat söylədi ki, xarici ölkələrdə dinşünaslıq fənni tədris olunur:

“Yəni dinlər arasında fərq qoymadan, dini bilikləri özündə ehtiva edən tədris prosesi həyata keçirilir. Ancaq hələlik bu, konkret olaraq bizdə ayrıca fənn kimi tədris olunmur. Yəqin ki, o fənnin adı dinşünaslıq və ya dinlərin əsasları ola bilər. Tədris nəzərdə tutulacaqsa, bu, rasional şəkildə olmalıdır. Yəni dinin elmlə əlaqəsi, dinin mədəniyyətlə əlaqəsi və s. Hətta mən maraqlı bir məsələni deyim ki, böyük fizik, Nobel mükafatı laureatı Əbdus Salam “Reallıqlar və gerçəkliklər” kitabında maraqlı bir məsələyə toxunub. Deyir ki, Quranın ayələrinin dörddə üçü elmlə bağlıdır. Bu, çox maraqlı məsələdir. Dini biliklər tədris olunacaqsa, heç şübhəsiz ki, bu, təkcə dindarların yazdığı vəsait olmamalıdır, elm adamları cəlb olunmalıdır. O, şəkildə yazılmalıdır ki, uşaqlar rasional şəkildə dini anlayışlardan bilgilər əldə etsinlər. Dərslikdə dinlərin əsasları verilsin, dinlərin yaranma tarixi verilsin, dinin elmlə bağlılığı verilsin, dinin ədəbiyyatla bağlılığı verilsin. Məsələn, bütün dünyada alimlər din və ədəbiyyat, din və kainat mövzusunda mühazirələr oxuyurlar, cəmiyyətin üçün çox yaxşı effekti var. Təkcə dinlə bağlı yox, digər fənlərlə qarşılıqlı əlaqəsini özündə əks etdirən hər hansı vəsaitin olmasını mən vacib hesab edirəm. Elmlərin dinlə bağlılığını əks etdirən vəsait olarsa, mən də bunun tərəfdarıyam. Bir məsələni qeyd edim ki, dünyagörüşün üç formasından biri dindir. Dünyagörüşün üç forması mövcuddur: dini, fəlsəfi və elmi dünyagörüş. Dini dünyagörüşü çox rasional şəkildə şagirdlərə çatdırmalıyıq. Bu həm də müəyyən dərəcədə uşaqların, gənclərin cəhalətə yuvarlanmasının qarşısını ala bilər”.

Təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli söylədi ki, Azərbaycanda təhsil dünyəvidir, biz multikultural ölkəyik:

“Məktəblərdə dinin tədris olunması nə dərəcədə doğru olar? Tədrisin məqsədi inkişafdır, elmə tərəqqiyə doğru istiqamətdir. Din isə seçimdir. Uşaqları körpə yaşdan dini tədrisə cəlb etsək, o zaman mədrəsələrdən nə fərqi olacaq? Belə çıxır ki, Axundzadənin, Məmmədquluzadənin vaxtilə Azərbaycan cəmiyyəti üçün atdığı mütərəqqi addımları biz silib, yenidən keçmişə qayıtmağı düşünürük? Məktəblərdə dinin tədris olunmasına gərək yoxdur, ən əsası da son dövrlərdə yayılan təriqətçilərdən, radikal dindarlardan, mövhumatçılardan gəncliyi qorumağa çalışmalıyıq. Uzun illər Azərbaycanda etnik qruplar, başqa millətlərin nümayəndələri yaşayıb, biz hamının identikliyinə (milli kimliyinə) hörmətlə yanaşmışıq, bundan sonra da bu ənənəni qorumaq lazımdır”.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc olunub.

2