"Şagirdlərinin heç biri fərqli formadan istifadə edə bilməz" - Ekspertdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, məktəbli formaları ilə bağlı artıq Elm və Təhsil Nazirliyi tərəfindən valideynlərə müraciət edilib.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Məktəbin Pedaqoji Şurası məktəbli formalarını seçir və şagirdlər o geyimdən istifadə edirlər.
Bəzən bu seçimə görə müəyyən ziddiyətlər yaranır. Valideyn və ya şagird məktəbin seçdiyi formanı bəyənmir.
Bəs, şagird məktəbin seçdiyi deyil, öz seçdiyi formanı geyinə bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a danışdı.
Ekspert söylədi ki, 2011-ci ildə qəbul edilmiş orta təhsil məktəblərinin nümunəvi nizamlanmasına əsasən bütün şagirdlər forma geyinməlidir:
“Hazırda bizim ümumtəhsil məktəblərimizdə 1,6 milyon şagird təhsil alır. 2011-ci ildən 2021-ci ilə qədər eyni formadan istifadə olunurdu. 2021-ci ildə isə nazirlik yeni formaların eskizini hazırladı və Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Hər bir məktəbin Pedaqoji Şurası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş dörd eskizdən birini seçir. Həmin məktəbin Pedaqoji Şurasında da valideynləri bir, şagirdləri bir nümayəndə təmsil edir. Yəni bu qərarlar özbaşına qəbul edilmir. Düzdür, hazırda bizdə təhsildə qərarlar özbaşına qəbul edilir. Amma məktəbin şagirdlərinin istifadə edəcəyi forma hər il tədris ili başa çatanda, üç ildə dəyişməmək şərti ilə Pedaqoji Şura tərəfindən qəbul edilir. Burada fərdi, istənilən qərarlar qəbul edilə bilməz. Amma biz təcrübədə görürük ki, şagird sayı az olan məktəblər bir çox hallarda rayonun qəbul etdiyi və yaxud da regional idarənin qəbul etdiyi, formanı geyinirlər. Məktəblərin başlamasına 40 gündən az bir vaxt qalıb və artıq forma problemi ortaya çıxıb. Nazirlik bu il də öz vəzifə öhdəliyini yerinə yetirə bilmədi. Bu, o deməkdir ki, bütün məktəblərdə şagirdlər forma ilə təmin olunmayacaq. Amma məktəb şagirdlərinin heç biri fərqli formadan istifadə edə bilməz. Məktəbin Pedaqoji Şurasının qəbul etdiyi məktəbli forması bütün şagirdlər üçün məcburidir, o, dəyişdirilə bilməz. Qəbul edilmiş forma minimum üç il ərzində geyinilməlidir".
Humay İSGƏNDƏRLİ