"Təhsil Nazirliyinin işi insanları narahat etmək, süründürməkdən ibarətdir" - Kamran Əsədov

 10:42 08.08.2023     1499

"2011-ci ildən etibarən Azərbaycanda dövlət qurumları demək olar tam şəkildə elektronlaşıb. Amma bu istiqamətdə ən bərbad vəziyyətdə olan Elm və Təhsil Nazirliyidir. Bu ayrı bir məsələdir".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

O, daha sonra qeyd edib:

"Mənə Elm və Təhsil Nazirliyinin hüquqi fəaliyyətini araşdırmaq maraqlı gəldi. 2 aydan çox müddət ərzində bu qurumun məhkəmə proseslərini müxtəlif mənbələrdən araşdırıram. Bunun üçün ilk e-mehkeme portalında kiçik bir axtarış etdim. Qarşıma çıxan mənzərə ürək açan deyildi.

Belə ki, Elm və Təhsil Nazirliyinin iştirakı ilə baş tutan məhkəmə proseslərinin sayı digər qurumlar ilə müqayisədə daha çox idi. Diqqəti cəlb edən həm hə o idi ki, demək olar bütün iddialarda Elm və Təhsil Nazirliyi məhkəmə prosesində uduzub.

İddiaların əksəriyyəti Elm və Təhsil Nazirliyinin işçiləri əsassız işdən azad edilməsi ilə bağlıdır ki, bu iddiaların hamısı təmin olunub.

Məhkəmə prosesində təstiq olunub ki, Elm və Təhsil Nazirliyi əsassız olaraq, öz maraqlarına uyğun olaraq işçini azad edir. Amma biabırçılıq bununla bitmir, qanunsuz işdən azad edilməsi faktlarına görə məhkəmə prosesini uduzan Elm və Təhsil Nazirliyi qərardan şikayət edir ki, bundan sonra proses yuxarı instansiya məhkəməsinə təqdim olunur. Bu məhkəmədə də müvafiq qurum uduzur, amma yenə də qərardan apellyasiya şikayəti verilir.

Yəni bu qurumun işi hüquqi baxımdan insanları narahat etmək, süründürməkdən ibarətdir.

Maraq üçün müvafiq qurumun hüquq şöbəsini, BŞTİ-nin hüquq sektorunun müdirini araşdırdım, ortaya onlar ilə bağlı xoş mənzərə çıxmadı.

Bu şəxslərin əvvəlki illərdə fəaliyyəti, bağlı olduğu şəxslərin ölkə üçün nə qədər təhlükəli olduğunu mətbuatdan bilirik.

Məhkəmədə qalib gələn bir neçə şəxs ilə əlaqə saxlayıb öyrəndim ki, Elm və Təhsil Nazirliyinin də vəkili köhnə əlaqələrini işə salıb məhkəmə hakimlərinə cıxış, tapşırıq axtarır, vəzifə səlahiyyətlərdən istifadə edərək proseslərə təsir göstərirlər.

Diqqəti çəkən həm də odur ki, Elm və Təhsil Nazirliyi məhkəmə qərarını icra etmir".

Turan İSMAYIL