Füzulidə sentyabrda dərsə gedəcək şagirdlərin sayı AÇIQLANDI

 14:38 09.08.2023     1714

Xəbər verdiyimiz kimi, 30 ildən sonra Füzuli şəhərində sentyabrda ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 

Maraqlıdır, ilk mərhələdə Füzulidə təhsil alacaq şagirdlərin sayı nə qədərdir?

Bununla bağlı Elm və Təhsil Nazirliyi Redaktor.az-ın sorğusunu cavablandırıb.

Bildirilib ki, qayıdışla əlaqədar olaraq Füzuli rayon 1 nömrəli tam orta məktəbin fəaliyyətinin Füzuli şəhərində tikintisi başa çatdırılmaqda olan 960 yerlik məktəb binasında yenidən təsisi planlaşdırılıb:

"Tikinti Özbəkistan Hökumətinin dəstəyi ilə həyata keçirilir. İlk mərhələdə 326 nəfər şagird qeydiyyatda alınıb".

Qeyd edək ki, məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb.

Humay İSGƏNDƏRLİ