"8-9-cu sinif şagirdləri ibtidai sinif partasında oturur, amma əyninə mütləq təzə məktəbli forması geyinməlidir?"

 17:37 09.08.2023     3044

"Əgər "vahid məktəbli forması" adı altında 4 fərqli forma təqdim olunubsa, bunun nəyi vahid forma oldu? Ümumiyyətlə, təlim və tədrisin keyfiyyətinin artırılmasını gözləyən cəmiyyət üçün məktəb formasının prioritet məsələ kimi dərhal dəyişdirilməsi lazım deyil".

Bu sözləri məktəbli formalarının hər il ortaya çıxan problemləri ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli dedi.

O, bildirdi ki, pis-yaxşı, keyfiyyətli-keyfiyyətsiz də olsa, məktəblilərin geyindiyi forma var idi.

"Bunu dəyişmək əvəzinə, təhsil islahatları aparmaq, dərslikləri və dərs vəsaitlərini yeniləmək, tədris infrastrukturunu müasirləşdirməyi düşünmək lazımdır. Məktəblər var ki, 8-9-cu sinif şagirdləri ibtidai sinif partasında oturur, skoliozun və kifozun bünövrəsi qoyulub. Ciddi sağlamlıq problemi yaranır, amma əyninə mütləq təzə məktəbli forması geyinməlidir? Tədrisin keyfiyyətinə tədrisin həyata keçirilməsi üçün yaradılan şərait, mühit, tədris prosesinin səmərəli təşkili və düzgün idarəetmə daha çox təsir edir, nəinki tez-tez dəyişən məktəbli formaları. İndiyə kimi, bəzi lisey və gimnaziyaların özlərinəməxsus məktəbli forması var idi, digər orta təhsil müəssisələrinin də ümumi forması. Əhalinin sosial-iqtisadi problemlərini nəzərə alsaq, elə valideynlər var ki, ötən illərdən qalma formaları və ya bacı-qardaşlarının formalarını övladlarına geyindirirdilər. İndi 3 övladı məktəbli olan valideynin birdən-birə 3 yeni forma alarkən vəziyyətini təsəvvür edin. Ən önəmlisi də odur ki, hal-hazırda yenilənən və vahid olmayan formaların özlərində də haçalanma gedir. Məsələn, ağ rəngli olanın fərqli məktəblər üçün loqolusu, loqosuzu da satışdadır, üstəlik də keyfiyyətsiz. Valideyn də qalıb çaş-baş. Bu tələsik dəyişiklik bizə bugünkü təhsil sistemi üçün qaçınılmaz hal olaraq vacib idimi?", - deyə V.Ağabəyli sual etdi.

Humay İSGƏNDƏRLİ