İnzibati icraçı vəzifələr üzrə test imtahanı keçirildi - YENİLƏNİB

 14:59 13.08.2023     505

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü il avqustun 13-də inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirib.

DİM-dən Redaktor.az-a bildirilib ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 474, BB qrupu üzrə 1556 olmaqla, ümumilikdə 2030 namizədin iştirakı nəzərdə tutulurdu.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.

AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 88 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 2, AC1 altqrupu üzrə 2, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 1, BA2 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 8, BA4 altqrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə 28 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası 14-16 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.

***

08:29

Avqustun 13-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirir.

DİM-dən Redaktor.az-a bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş olunur. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi”.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 474, BB qrupu üzrə 1556 olmaqla ümumilikdə 2030 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 187 nəzarətçi müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.