"Abituriyentləri balına görə zəif və ya güclü deyə müqayisə edib qruplaşdıra bilmərik" - Vüsalə Ağabəyli

 16:29 14.08.2023     797

Xəbər verdiyimiz kimi, bu il ölkədə ən iri miqyaslı tələbə qəbulu keçiriləcək.

Belə ki, 55900 tələbənin ali məktəbə qəbul olunacağı nəzərdə tutulub.

Bu, yaxşı hal kimi qiymətləndirilir ki, qəbul olanların sayı çox olacaq. Digər tərəfdən bu il 0-150 bal toplayan şagirdlərin sayı ötən illərə nisbətən çox artıb. Cəmiyyətdə də fikirlər səsləndirilir ki, qəbul sayı artırılıb, ancaq zəif uşaqlar qəbul olacaq. Yəni, kəmiyyətin çox, keyfiyyətin az olduğu söylənilir.

Maraqlıdır, ekspertlər bu halı necə qiymətləndirir?

Mövzu ilə bağlı təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, əgər qəbula deyil, orta məktəb nəticələrinə, orta məktəblə ali məktəblər arasında əks əlaqənin qurulmasına nail ola bilsək, o zaman həm orta məktəblərdəki tədrisin önəmini artırmış olarıq, həmçinin də təhsilin keyfiyyəti yalnız qəbul imtahanları ilə ölçülməz.

"Bəli, bu il ilk dəfədir ki, 55900 tələbənin qəbul olacağı gözlənilir. Hətta II qrup üzrə 150 baldan yuxarı bal toplayanlar düzgün kodlaşma edəcəkləri təqdirdə, demək olar ki, hamısının qəbul olunacağı ümid edilir. Bu, bir tərəfdən yaxşıdır ki, təhsilə gələn yollar açıqdır, lakin bu hələ təhsilin keyfiyyəti demək deyil. Qəbul olan abituriyentlərin neçə faizi məzun ola biləcək (real məzun) və əmək bazarının tələblərinə cavab verə biləcəksə, keyfiyyəti onda görə bilərik. İrimiqyaslı qəbul sayı mənim üçün xüsusi bir əhəmiyyət kəsb etmir və biz abituriyentləri balına görə də zəif və ya güclü deyə müqayisə edib qruplaşdıra bilmərik. Bəlkə 200 balla qəbul olan hər hansı tələbə öz ixtisasını daha yaxşı mənimsəyəcək, daha yaxşı mütəxəssis olacaq? Nəticə önəmlidir. Qəbul sayının artması, çox olması yaxşıdır, lakin bu proses bir növ filtrasiya kimi həyata keçirilməlidir. Yəni qəbulu nəzərdə tutulan 55900 tələbənin yalnız layiq olanları, öz ixtisasına mükəmməl yiyənləri məzun olmalıdır", - deyə V.Ağabəyli vurğuladı.

Humay İSGƏNDƏRLİ