İxtisas seçimi: nəyə diqqət etməliyik?

 11:52 21.08.2023     3309

Bildiyimiz kimi, avqustun 16-dan etibarən ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçiminə start verilib.

Hər il cüzi səhv səbəbindən minlərlə abituriyent müsabiqədən kənardan qalır. Mütəxəssislər valideynləri düzgün seçimə səsləsə də, bunun faydası olmur.

İxtisas seçimi zamanı ilk növbədə nəyə diqqət edilməlidir? Bal və ixtisas arasındakı tənzimlənmə necə olmalıdır?

Mövzu ilə bağlı ixtisas seçimi prosesini həyata keçirən mütəxəssislərdən biri Sənan Cəlili Qurbansoy Redaktor.az-a danışdı.

Mütəxəssis bildirdi ki, ixtisas seçimi zamanı abituriyentin yığdığı bal ən vacib amildir:

"Abituriyentlər ixtisas seçimindəki sıralamını topladığı bala əsasən müəyyən edirlər. Yüksək nəticə əldə etmiş abituriyentlər ixtisas seçimi edən zaman çətinlik çəkmirlər. Səbəb budur ki, onlar potensialını bilir və ona uyğun seçim edirlər. Düzgün aparılmış ixtisas seçimi abituriyetin həyatında və gələcəkdəki karyerasının formalaşmasında ən vacib faktordur. Bir nüansı da vurğulayım ki, gənclərimiz ixtisas seçimi edərkən seçdikləri ixtisasın prestijli olmasını nəzərə alırlar. Həmçinin hər bir abituriyent istəyir ki, seçim etdiyi ixtisas sosial tələblərə cavab versin. Düzgün ixtisas seçimi edən zaman aşağıdakılara diqqət yetirmək lazımdir:

1. ixtisas seçimi zamanı abituriyentin öz istəyi,

2. ixtisaslar üzrə ayrılmış dövlət sifarişli və ödənişli plan yerləri,

3. abituriyentlərin imtahan nəticələrinin bu sıralamada tutduqları yeri,

4. əvvəlki illərin ayrı-ayrı ixtisaslar üzrə formalaşan keçid balları.

Seçim zamanı statistik göstəricilərə əsasən abituriyent topladığı bala görə balından yüksək ixtisasları seçə bilər. Çünki statistik göstəricilər nəticəsində keçən il və bu ilin plan yerləri, balların sıralamada tutduğu yer müqayisə edilir, bunun əsasında plan yerlərində artım olarsa, balından yüksək yer yaza bilər. Ancaq plan yerlərində azalma olarsa, ən çox balından yüksək 1-2 yer yaza bilər.
Seçim edən zaman müxtəlif valideynlər ilə qarşılaşırıq. Belə ki, valideynlər övladlarına təzyiq göstərirlər, özlərinin o dövrdə arzusunda olduqları ixtisasa önəm verirlər və yönəldirlər, həmçinin övladlarının fikirlərinə hörmətlə yanaşmırlar. Bu zaman da gəncin yüksək nəticə əldə etməsinə baxmayaraq, istəmədiyi ixtisasda oxumasına səbəb olurlar. Hətta elə hal olur ki, elə gənclər universitetə qəbul olmur. Belə hallar zamanı valideyn övladının fikrinə önəm verməli, təzyiq göstərməməlidir. Bəzən olur ki, onları bu fikirdən döndəririk, təəssüf ki, bu fikirdən daşınmayanlar da olur. Bəzən isə yüksək bal toplamış abituriyent hüquq fakültəsinin ödənişlisinə qəbul ola bildiyi halda valideynin maddi imkanı olmadığına görə valideynlər ödənişli hüquq fakültəsini seçim etməyə qoymurlar".

Humay İSGƏNDƏRLİ