"İxtisaslaşma və qəbul imtahanları formatı yenidən işlənilməlidir"

 17:51 25.08.2023     563

Bildiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanları vermiş abituriyentlərin ixtisas seçimi davam edir. İxtisas seçənlər arasında say çoxluğu III qrupa aiddir.

Eyni zamanda 3-cü qrupda hər il gərginlik olur. Ən çox mübarizə məhz bu qrupda olur.

Ümumiyyətlə 3-cü qrupda niyə hər il gərginlik olur?

Mövzu ilə bağlı təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli Redaktor.az-a danışdı

Ekspert dedi ki, uzun illərdir bu problem dəyişməz olaraq qalır.

"Düşünürəm ki, 3-cü ixtisas qrupuna daxil olan fənlər və ixtisaslar daha çox humanitar yönümlü olduğu üçün şagirdlərə bəlkə hazırlaşmaq daha asan görünür. Çünki riyaziyyat, fizika kimi texniki fənləri öyrənmək və ya kimya, biologiya kimi təbiət fənlərini öyrənmək orta məktəb statistikasına da baxsaq, şagirdlərə daha çətin görünür. Əslində, bu problemin, yəni 3-cü qrupa müraciət edənlərin sayının çoxluğunu nəzərə alaraq, bir müddət öncə "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisası da 2-ci qrupdan alınaraq, 3-cü qrupa verildi. Lakin bununla belə, məsələ həll olmamış qalır. Bu isə gərgin rəqabətin artmasına və digər qruplarla müqayisədə yüksək bal toplayan abituriyentlərin kənarda qalmasına səbəb olur. Bu problemin həlli yolları sistemli şəkildə aparılmalıdır. Hansı qrupda fənlərin düsturu, riyazi həlli yoxdursa, dəhşətli rəqabət ordadır. Buna görə də, ümumən ixtisaslaşma və qəbul imtahanları formatı yenidən işlənilməlidir".

Humay İSGƏNDƏRLİ